Mayın 27-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. O, Şura üzvlərinə AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, professor Əziz Sancarın AMEA-ya, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna mayın 31-də baş tutacaq səfəri haqqında və mayın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və AR KTN Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Qobustan BTS-da keçiriləcək tarla seminarı haqqında məlumat verib. İclasda Proteomiks beynəlxalq laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Aynurə Paşayevanın Koreya Respublikasına elmi ezamiyyəsi ilə bağlı hesabatı dinlənilib. Daha sonra Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmovanın Almaniyanın Leypsiq şəhərində yerləşən Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika Departamentinə və Bionanotexnologiya laboratoriyasının kiçik elmi işçisi Mehriban Şabanovanın 28-31 may tarixlərində Rusiya Federasiyasının Stavropol şəhərində keçiriləcək 4-cü Rusiya və Azərbaycan Gənclərinin Təşəbbüslərinin Dəstəklənməsi Forumuna və Timiryazev adına Bitki Fiziologiyası İnstitutuna ezamiyyəyə göndərilməsi haqqında məsələləsrə baxılıb və müsbət qərarlar qəbul edilib. Şura üzvlərinə həmçinin AR ETN EATDA tərəfindən institutda aktiv elmi işçilər haqqında sorğu ilə bağlı müraciət etməsi haqqında məlumat verilib və İnstitutda 28 May - Müstəqillik günü ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə edilib.