sa sa 501
Almaniyalı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi ezamiyyətdə olub + Foto İyn 07, 2024 | 14:35 / Seminarlar

Almaniyanın Leibniz İnstitutunun nəzdindəki DSMZ - Almaniya Mikroorqanizm Kolleksiyası və Hüceyrə Kulturası Mərkəzinin Bitki virusları şöbəsinin rəhbəri, professor Stephan Winter AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi ezamiyyətdə olub. Alim MBBİ-nin laboratoriyaları ilə tanış olduqdan sonra aparılan elmi tədqiqat işləri haqqında ətraflı məlumat alıb və daha sonra “Bitki viruslarının müasir diaqnostikası üsulları” mövzusunda elmi seminar keçirilib. Məruzəçi qeyd edib ki, son illərdə müxtəlif yeni texnologiyalara əsaslanan molekulyar-genetik metodlardan istifadə etməklə patogen virusları xarakterizə etmək və patogen-sahib orqanizm qarşılıqlı əlaqəsini müəyyən etmək məqsədilə çoxlu sayda tədqiqatlar aparılmaqdadır. Seminarda bitkilərdə vektor daşıyıcı - patogen - sahib orqanizm arasında əlaqələrin molekulyar mexanizmlərinin öyrənilməsi, karantin əhəmiyyətli, eyni zamanda qeyri-müəyyən etiologiyalı fitopatogenlərin identifikasiyası, xəstəliklərin proqnozlaşdırılması və onlara nəzarətin artırılması kimi mühüm problemlərin həllində müasir New generation sequencing və RNA deep sequencing kimi yüksək ötürmə qabiliyyətli sekvens texnologiyaların tətbiq imkanları haqqında məlumat verilib.  Çıxış ətrafında geniş müzakirələr aparılıb. Prof. Stephan Winter seminar iştirakçılarının  suallarını cavablandırıb. Seminarın sonunda MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova qonağa maraqlı çıxışı üçün təşəkkür edib və bu çür görüşlərin institutlar arasında gələcəkdə görüləcək birgə elmi işlərə vəsilə olacağına inandığını bildirib. Seminardan sonra Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün elan edilmiş qrant müsabiqəsinə (BMBF) birgə layihənin təqdim edilməsi və potensial əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.