AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova 15 iyun tarixinin Azərbaycan xalqının həyatında ən əlamətdar günlərdən biri olduğunu qeyd edib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra ölkədə özbaşınalıq hökm sürürdü. Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm xaricdəki, həm də daxildəki qüvvələr güclü idi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda əsaslı dəyişikliklər, tərəqqi yoluna qədəm qoydu. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu. Hazırda müstəqil Azərbaycanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev idarə edir. Azərbaycanın bu illər ərzində qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, 91-lərdən olan İbrahim Əzizov, biologiya elmləri doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları Ulduzə Qurbanova, Aynurə Paşayeva, Nurməmməd Mustafayev, institutun əməkdaşı Mikayıl Paşayev Milli Qurtuluş Gününün müasir çiçəklənən Azərbaycanın yeni uğurlarına, xalqımızın bütün bayramları artıq qürurla, qalib xalq kimi qarşılamasına bir vəsilə oduğunu vurğulayıblar.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş vodeçarx nümayiş etdirilib.