sa sa 4198
MBBİ-nin əməkdaşı Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi ezamiyyətdə olub + Foto İyl 25, 2024 | 12:03 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya Genomiksi laboratoriyasının elmi işçisi Rüstəmova Zərintac 23.06.2024-21.07.2024 tarixlərdə Almaniyanın Leypsiq şəhərində yerləşən  Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika şöbəsində təcrübə kursu xarakterli elmi ezamiyyətdə olub. Adı şəkilən instituta 2022-ci ildə Fiziologiya və Tibb sahəsində Nobel mükafatına layiq görülmüş Paabo Svante rəhbərlik edir. Bu yaxınlarda AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında əməkdaşlıq barədə rəsmi memorandum imzalanıb.

Təcrübə kursunu Maks Plank Təkamül Antropologiyası İnstitutunun Bioinformatika qrupunun rəhbəri Dr. Harald Ringbauer aparmışdır. Kür-Araz, Xocalı-Gədəbəy, Talış-Muğan, Leyla-Təpə mədəniyyətlərinə aid 25 ədəd nümunədən DNT-nin ayrılması və ardıcıllıqlarının oxunması ilə yanaşı ardıcıllıqları oxunmuş nümunələrin bioinformatik analizlərinin də aparılması həyata keçirilmişdir.

Antropoloji materiallar Harvard Universiteti və Maks Plank İnstitutunun birgə proyekti olan  və Arxeogenetika şöbəsinin direktoru Prof. Dr. Johannes Krause və Prof. Michael McCormickin rəhbərlik etdiyi  MHAAM (Max Planck – Harvard Research Center for the Archaeoscience of the Ancient Mediterranean) lahiyəsi çərçivəsində tədqiq olunacaq nümunələrin bir hissəsini təşkil edir. İlkin olaraq antropoloji materialların identifikasiyası aparılmış və institututun Pandora adlı məlumat bazasına yerləşdirilmişdir. Daha sonra sekvens analizlərinin cavabı Eager adlı bioinformatik avtomatik proqramla keyfiyyəti qiymətləndirilmiş, adaptorların kənarlaşdırılması və cinsiyyətin təyini aparılmışdır. Bundan sonra isə əldə edilən nəticələrə uyğun olaraq daha keyfiyyətli nümunələr seçilmiş və yenidən sekvens olunmuşdur. Statistik analizlər əsasən Python proqramlaşdırma dillərində yazılan və Bash Shell proqramlarının tətbiqi ilə aparılmışdır.

Səfər müddətində Z.R.Rüstəmova prinsipial komponent analizi (PCA) metodikasini öyrənilmişdir. Bundan başqa ona Pandora DB-yə ikiillik sərbəst giriş verilmişdir. O həmçinin 16 iyun 2024-cü il tarixdə keçirilən  MHAAM proyektinin müzakirəsi olan iclasda qonaq qismində iştrak edərək 20 dəqiqəlik prezentasiya təqdim etmişdir. Səfərin 10.07.2024, 11.07.2024, 15.07.2024 tarixlərində üç dəfə Arxeogenetika şöbəsinin laboratoriyasının texniki işçisi Bianco Raffaelanın rəhbərliyi ilə Almaniyanın Yena şəhərindəki EVER Pharma farmakoloji kompaniyasında yerləşən  qədim və müasir DNT ilə tədqiqat işlərinin aparıldığı laboratoriyada praktikada olmuşdur. Burada Agilent Technologies şirkətinə məxsus robotlarla eyni anda DNT-in ekstraksiyası və sekvensi aparılır.  Bu robot texnologiyası klassik metodlardan fərqli olaraq daha qısa vaxtda və daha setril olaraq nəticələri almağa kömək edir. Növbəti mərhələdə du nümunələr yenidən sekvensə göndərilərək nəticələr əldə edildikdən sonra Principal Component Analysis (PCA) və digər statistik analizlər həyata keçiriləcəkdir.