MBBİ-nin əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər + Foto
Sen 20, 2024 | 10:00 / Konfranslar, iclaslar
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov və Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov Qubada “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus və Ukraynadan olan alim və mütəxəssislər iştirak etdiyi konfrans iki gün davam edib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması və mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübələr mübadiləsindən ibarət olub. Bundan başqa, təşkilatçı institutlar ilə müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi-tədqiqat layihələrinin müzakirəsi də konfransın prioritet məsələləri idi.
Konfransda çıxış edən Ə. Məmmədov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanması və memarandum çərçivəsində birgə elmi-tədqiqat aparılması, İnstitutda Qlobal iqlim dəyişməsi ilə əlaqəadar abiotik və biotik faktorların təsirinə davamlı bitki sortlarının yaradılması məqsədilə morfofiziolpoji, biokimyəvi, molekulyar bioloji, molekulyar-genetik metodlardan istifadə etməklə GenBankda toplanmış nümunələrin skrininqinin aparılması və davamlı formaların seleksiya proqramlarında valideyn formalar kimi istifadə olunması barədə məlumat verib.