Proteomiks laboratoriyasının müdiri, b.ü.f.d. Aynurə Paşayeva 18-22 sentyabr 2024-cü il tarixlərində Yaponiyanın Kobe şəhərində elmi ezamiyyədə olub. Ezamiyyənin məqsədi Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyətinin (ISPR) təşkilatçılığı ilə keçirilən Fotosintez üzrə 2-ci Asiya-Okeaniya Beynəlxalq Konqresində (2nd AOICP) iştirak etmək idi. Aynurə Paşayeva Beynəlxalq konqresdə “Düyü bitkisində tilakoid zülalının fosforlaşması vasitəsilə xlorofilin flüoressensiyasının enerjidən asılı sönməsinin tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Yaponiya, Çin, Honq-Konq, Avstraliya, Sinqapur, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdən, ümumilikdə, 300-ə yaxın iştirakçının qatıldığı konqres 4 gün davam edib. Konqres zamanı fotosintez tədqiqatlarının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Aynurə Paşayeva həmçinin 21-22 sentyabr 2024cü il tarixlərində, 2-ci Asiya-Okeaniya Beynəlxalq Konqresi çərçivəsində keçirilən Yaponiya Fotosintez Tədqiqatları Cəmiyyətinin 31-ci Gənc Tədqiqatçıların Seminarında iştirak edib. Seminar zamanı Yaponiyanın Okayama Universitetinin professoru Jian-Ren Shen gənc alimlər qarşısında geniş məruzə ilə çıxış edib. Seminarın gedişatında müxtəlif ölkələrdən konqresə qatılan gənc alimlər arasında fotosintez sahəsində aktual problemlər və mövzular ətrafında dəyirmi masa müzakirələri aparılıb.