sa sa 9289
MBBİ-nin icraçı direktoru, b.ü.f.d, dosent Ələmdar Məmmədov Astana şəhərində keçirilən forumda iştirak edib + Foto Okt 16, 2024 | 10:00 / Ezamiyyətlər

AT ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d, dosent Ələmdar Məmmədov Kazaxstanın Astana şəhərində 9-10 oktyabr  2024-cü il tarixlərində keçirilən “Sovet və Rusiya Federasiyasının ali məktəblərini bitirmiş MDB ölkələrinin təhsil və səhiyyə sistemlərinin nümayəndələrinin” görüşünə həsr olunmuş Forumda iştirak edib.

Forum “Rossotrudniçestvo” təşkilatı və onun  Kazaxstandakı nümayəndəliyi və Şimali Qafqaz Federal Universitetinin  təşkilatçılığı ilə təşkil olunmuşdu.  Forumda MDB dövlətləri, Abxaziya, Cənubi Osetiya, Dnepryanı Respublikaların və Rusiya Federasiyasının nümayəndələr iştirak ediblər.

Forumun məqsədi MDB ölkələrində ali təhsil və səhiyyə sferasında işləyən keçmiş Sovet İttifaqı və Rusiya Federasiyasının ali məktəblərini bitirmiş məzunlar arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin təcrübə, ideyalar və təşəbbüslər mübadiləsi olub.

          Azərbaycan nümayəndə heyətinin rəhbəri Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini,  AMEA-nın müxbir üzvü, prof. Əminağa Sadıqov forumun açılışında və  seksiyalarda geniş çıxış edərək vaxtilə Sovetlər Birliyində və Rusiya Federsiyasının universitetlərində Ümummilli Lider Heydər Əliyevin səyləri sayəsində 15000-dən çox gəncin təhsil aldığını vurğulayıb. Ə. Sadıqov Azərbaycanın ən ağır günlərində həmin kadrların H.Əliyevə dəstək olması və respublikanın çətin vəziyyətdən çıxarılmasında mühüm rol oynadıqlarını, onların bu gün də həyatımızın  bütün sahələrinə, təhsilə, səhiyyəyə və dövlət idarəçiliyinə öz tövhələrini verdiyini  xüsusi qeyd edib.

Ə. Məmmədov MBBİ-nin, Rusiya Federasiyasının Elmlər Akademiyasının bəzi institutları ilə elmi əməkdaşlığı və yeni elm sahələri üzrə yüksək ixtisaslı kadr hazırlanması barədə məlumat verərək, bu təcrübənin gələcək elmi əlaqələrdə faydalı ola biləcəyini qeyd edib. Nümayəndə Heyətinin digər üzvləri də çıxış edərək təmsil etdikləri təhsil idarələrinin əlaqələri barədə məlumat veriblər. Eyni zamanda Azərbaycanın nümayəndə heyətinin üzvləri forumda təşkil olunmuş “Ali təhsil sisteminin menecmenti” üzrə kvalifikasiyanın yüksəldilməsi proqramında iştirak ediblər.