sa sa 1863
MBBİ-nin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər + Foto Okt 22, 2024 | 14:16 / Konfranslar, iclaslar

Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Ulduzə Qurbanova, Hüceyrənin membran sistemləri laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Nahidə Əliyeva və Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova Türkiyənin İstanbul şəhərində keçirilən 12-ci Beynəlxalq “Dayanaqlı İnkişaf üçün Fotosintez və Hidrogen Enerjisi Tədqiqatları – 2024” konfransında 14-18 oktyabr tarixlərində iştirak ediblər. Bahçeşehir Universitetində John Allen (Birləşmiş Krallıqlar), Eva-Mari Aro (Finlandiya), İbrahim Dinçer (Kanada), Kazunari Domen (Yaponiya), Elizabeth Gantt (ABŞ) və Andrey Rubinin (Rusiya) şərəfinə təşkil olunan konfransda bir çox görkəmli alimlərin maraqlı çıxışları olub. Konfrans fotosintez və hidrogen tədqiqatlarının müasir və aktual problemlərinə həsr olunmuşdu. Nahidə Əliyeva konfransda “Qarğıdalı bitkisinin xloroplastlarında polipeptid tərkibinin və ultrastrukturun duzla induksiya olunan dəyişiklikləri” mövzusunda poster təqdimatı ilə iştirak edib. Ulduza Qurbanova “Quraqlığa davamlılığı ilə fərqlənən buğda genotiplərinin fotosintetik və qeyri-fotosintetik orqanlarında suda həll olan şəkərlərin və fosfoyenolpiruvatkarboksilazanın tədqiqi” mövzusunda məruzə edib. Ulduza Qurbanova məruzə ətrafında verilən sualları cavablandırıb. Təqdimat zamanı bu istiqamətdə işləyən alimlərlə geniş müzakirələr aparılıb.