sa sa 783
İCARDA-nın baş direktorunun müavini AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub + Foto Noy 18, 2024 | 12:02 / Mühüm hadisələr

Ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası yüksək səviyyədə davam edir. Quraq Ərazilərdə Kənd Təsərrüfatı Araşdırmaları üzrə Beynəlxalq Mərkəz (İCARDA) bu tədbirdə çoxsaylı nümayəndələrlə təmsil olunur. Noyabrın 15-də İCARDA baş direktorunun elmi tədqiqatlar üzrə müavini vəzifəsini icra edən, qurumun Biomüxtəliflik və Bitkilərin yaxşılaşdırılması Proqramının direktoru, Quraqlıq şəraitində dənli və paxlalı bitkilərin təkmilləşdirilmiş sortlarının yetişdirilməsi və artırılması üzrə tədqiqat qrupunun rəhbəri, Mərakeş tədqiqat platformasının meneceri Dr. Mickael Baum Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub. Qeyd edək ki, Dr. Mickael Baum İCARDA-nın COP29-da iştirak edən nümayəndə heyətinin üzvü kimi Bakıda səfərdədir. Alimi bu görüşdə Resursların səfərbərliyi üzrə İCARDA-nın rəsmi nümayəndəsi İsbəndiyar Vəliyev, AR ETN Gentik Ehtiyatlar İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov müşaiyət ediblər. Mickael Baum dünyada biotexnologiya sahəsində tanınmış alimdir. O, nüfuzlu jurnallarda çap olunan 110-dan çox məqalənin, 30 kitab fəsli və 40 konfrans materialının müəllifidir. İnstitutun baş direktoru, akademik İradə Hüseynova İCARDA-nın nümayəndələrinə MBBİ-nun yaranma tarixi, strukturu, aparılan elmi tədqiqat işlərinin əsas istiqamətləri və kadr potensialı haqqında məlumat verib. Görüşdə instititutun laboratoriya və şöbə müdirləri də öz tədqiqatları ilə bağlı məlumat veriblər. İCARDA ilə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib. Daha sonra qonaqlar institutun yaradıcısı görkəmli alim akademik Cəlal Əliyevin iş otağı və kitabxanası, həmçinin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla tanış olublar.

Sonda xatirə fotosu çəkilib.