Noyabrın 19-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan “Qida, Kənd Təsərrüfatı və Su Günü” çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” adlı tədbirdə iştirak edib. “Mavi zona”da keçirilən tədbirdə qlobal iqlim öhdəlikləri müzakirə olunub.
Tədbirdə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Böyük Britaniyanın Ətraf mühit naziri Mary Creagh, Birləşmiş Ərəb Əmirliklərinin İqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə xidmət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib.