31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Dek 29, 2024 | 12:12 / Mühüm hadisələr
31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan millətinin birlik rəmzidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edir, sağlıq, səadət və uğur dolu günlər arzulayırıq!