sa sa 5295
MBBİ-də Elmi Şuranın 2025-ci il üçün ilk iclası keçirilib + Foto Yan 10, 2025 | 16:28 / Konfranslar, iclaslar

Yanvarın 6-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda 2025-ci ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işləri və həyata keçirilməsi nəzərdə tutulan elmi tədbirlər planı müzakirə olunub. Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent Samirə Rüstəmova institutda fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məlumat verib. Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimovanın Çin Xalq Respublikasının Şandonq Kənd Təsərrüfatı Universitetinə ezamiyyəsi ilə bağlı hesabatı dinlənilib. İclasda dosent elmi adı almaq üçün sənəd vermiş iddiaçının namizədliyi, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi, eyni zamanda Belçikanın Gent Universitetinin Biotexnologiya ixtisası üzrə doktorantı Elnarə Sadıqovanın təhsil müddətinin uzadılması və bir sıra təşkilatı məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib. Akademik İradə Hüseynova Elmi Şura üzvlərinə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı və bundan irəli gələn məsələlər haqqında məlumat verib.