MBBİ-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib + Foto
Yan 18, 2025 | 09:32 / Tədbirlər
Bu gün AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. MBBİ-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, onların məzarları üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar oxuyublar. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin ən önəmli səhifələrindən biri və müstəqillik yolunda olan dönüş nöqtəsidir. O gecə Vətən torpağına qəlbini sipər edənlər sadəcə bir günün qurbanı deyil, azadlıq və müstəqilliyin əbədi simvolu oldular. Xalqın qəlbində yanan azadlıq atəşi Sovet imperiyasının güllə səsi ilə sönmədi. Əksinə, o atəş daha da alovlandı, xalqın iradəsini gücləndirdi. 20 Yanvar tarixdə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq dastanı kimi qaldı. O gün qadınlar, uşaqlar, yaşlılar belə azadlıq uğrunda qorxmadan canlarından keçdilər. Həmin gecə şəhid olanlar əbədi olaraq Azərbaycanın Şəhidlər xiyabanında uyuyurlar, lakin onların ruhu hər zaman xalqın müstəqillik yolunda bir bələdçidir. Hər il yanvar ayının 20-də insanlar xalqın müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanına toplaşaraq azadlıq uğrunda canından keçən qəhrəmanlara hörmətlərini ifadə edirlər. Qırmızı qərənfillərlə bəzənmiş xiyaban xalqın qan yaddaşının və əyilməz iradəsinin simvoludur.
Şəhidlər unudulmur – onların qanı ilə yazılmış tarix həmişə yaşayacaq!
Allah rəhmət eləsin!