MBBİ-də Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü qeyd olunub + Foto ,Video
Fev 11, 2025 | 16:30 / Tədbirlər
Fevralın 11-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib. AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün təsis edilməsi tarixindən bəhs edib və iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib. O, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi qətnamə ilə iki dəfə Nobel mükafatına layiq görülmüş görkəmli alim Mariya Kürinin doğum günü olan 11 fevral tarixinin “Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” elan edildiyini diqqətə çatdırıb. Akademik İradə Hüseynova ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin dəstəyinin və təşəbbüslərinin qadınların aktiv fəaliyyət göstərməsi üçün real imkanlar yaratdığını və müstəqil Azərbaycanın inkişafında qadınların mühüm yer tutduğunu bildirib.
Daha sonra dünya şöhrətli qadın alimlərə, o cümlədən Azərbaycanın görkəmli qadın alimlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva “Dəyişən işıq şəraitində fotosintetik aparatın dinamik dəyişikliklərinin tənzimlənməsi” mövzusunda çıxış edib. Gənc alimin çıxışı böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.