Martın 14-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Fotobioenergetika laboratoriyasının Biokimya ixtisası üzrə 2-ci kurs doktorantı Ruslan Süleymanov “Yosunların köməyi ilə sintez edilən nanohissəciklərdən istifadə etməklə hidrogen alınması” mövzusunda çıxış edib. Gənc tədqiqatçı Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Doqquz Eylül Universitetində elmi ezamiyyətdə olduğu zaman yosun ekstraktının köməyi ilə alınmış gümüş nanohissəciklərdən istifadə etməklə hidrogen alınması üzərində aparəlan tədqiqatlardan bəhs edib. Gümüş nanohissəciklərindən borhidrid molekullarının hidrolizində istifadə edərək, bu prosesin baş verməsi üçün optimal parametrlər müəyyənləşdirilmişdir. Beləliklə, gümüş nanohissəciklərinin yaşıl sintezi və katalitik yolla hidrogen alınmasının təcrübi üsulları mənimsənilmiş, digər yosunların tədqiqi üçün nəzəri-eksperimental əsas yaradılmışdır. Ruslan Süleymanovun çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Gənc tədqiqatçı verilən sualları cavablandırıb.