Nobel mükafatçısı Aziz Sancar akademik İradə Hüseynovaya məktub ünvanlayıb
Apr 05, 2025 | 23:00 / Mühüm hadisələr
Nobel mükafatı laureatı, görkəmli alim, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Aziz Sancar AMEA-nın vitse-prezidenti, AR ETN-in Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovaya məktub ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli İradə Hocam,
Bakı səfərim zamanı mənə göstərdiyiniz səmimi diqqət üçün sizə çox təşəkkür edirəm. Təəssüf etdiyim yeganə məsələ budur ki, Azərbaycan elminə töhfə verə bilmirəm. Kaş ki, 20 il daha gənc olaydım, Azərbaycana hər fürsətdə gələr, sizinlə və digər alimlərlə birgə işləyərdim, amma indi artıq yalnız öz laboratoriyamı idarə edə bilirəm.
Şəkillər üçün çox təşəkkür edirəm. Dekabr, 2025 təqvim səhifəsini kitabxanamda Atatürkün şəklinin yanına qoydum. Beləliklə, ofisimdə işləyərkən başımı qaldırıb rəfə baxanda Azərbaycanı və Türkiyəni yan-yana görürəm.
Uğurlar arzulayır, sevgi və salamlarımı göndərirəm.
Hörmətlə,
Aziz
Xatırladırıq ki, bütün Türk dünyasının fəxri olan professor Aziz Sancar 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçilmişdir. Nobel mükafatçısı 2024-cü ildə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə Bakıya səfəri zamanı AR ETN-in Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna səfər etmiş, burada aparılan tədqiqatlarla tanış olmuş, gənc alim və mütəxəssislərlə müzakirələr aparmışdır. Məktubda böyük alim akademik Cəlal Əliyevə həsr edilmiş təqvimdən söhbət gedir. Təqvimin dekabr səhifəsində professor Aziz Sancarın İnstitutunda olduğu zaman çəkilmiş foto qoyulmuşdur.