MBBİ-də 27 Mart- Elm Gününə həsr olunmuş tədbir keçirilib + Foto
Apr 07, 2025 | 12:50 / Seminarlar
27 mart – Elm Günü münasibətilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar təşkil olunub. Tədbiri institutun baş direktoru, akademik İradə Hüseynova açaraq, Elm Gününün əhəmiyyəti, bu günün qeyd olunmasının elm və alimlər üçün verdiyi mənəvi dəyər barədə ətraflı məlumat verib. Akademik qeyd edib ki, 27 mart-Elm Günü Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilib. Elm Gününün qeyd olunması ölkəmizdə elmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının göstəricisidir və bu, cəmiyyətdə elmi fəaliyyətə marağın yüksəldilməsinə yönəlib. 2025-ci ildə Elm Günü xüsusilə əlamətdar xarakter daşıyır, çünki bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyi qeyd olunacaq. Daha sonra institutun aparıcı alimlərindən biri, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Şahniyar Bayramov “Bitkilərdə ağızcıq aparatının funksiyası və onun tənzimlənməsi yolları” mövzusunda çıxış edib. Alim öz təqdimatında aktual elmi məsələlərə, müasir tədqiqatlara və əldə olunan nəticələrə toxunub. Şahniyar Bayramovun çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Mövzu ətrafında geniş müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.