Aprelin 15-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. AR Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 04 aprel 2025-ci il tarixli Sərəncamı haqqında məlumat verən akademik İradə Hüseynova bildirib ki, islahat xarakteri daşıyan Sərəncamın verilməsində əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır. Bu istiqamətdə həyata keçiriləcək struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan yaradacaq. Sonra institutun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. Aynurə Paşayeva Pakistanın Tandojam şəhərində yerləşən Sindh Kənd Təsərrüfatı Universitetində keçirilən 2-ci Beynəlxalq Bitki Mühafizəsi Elmləri Konfransında iştirakı haqqında şura üzvlərinə hesabat verib. İclasda həmçinin b.e.d., dos. Şahniyar Bayramovun İspaniya Milli Elmi Tədqiqat Şurasının Qranada şəhərində yerləşən Zaidin Elmi Tədqiqat Mərkəzinə, b.ü.f.d. Ülkər İbrahimovanın Çinin Şandonq Kənd Təsərrüfatı Universitetinə, kiçik elmi işçisi Nihal Mustafayevanın Almaniyanın Speyer şəhərində yerləşən Kənd Təsərrüfatı Sınaq və Tədqiqat İnstitutuna və böyük elmi işçisi, PhD Fidan Hüseynovanın COST proqramı çərçivəsində işçi qrupun tərkibində müzakirələrdə iştirak etmək məqsədilə Yunanıstanın Heralion şəhərinə ezam edilməsi haqqında məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.