AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Ümumi iclasında “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2025-ci il tarixli Sərəncamından irəli gələn məsələlər institut kollektivinin diqqətinə çatdırılıb və müvafiq təlimatlandırılma işi həyata keçirilib. İclasın sədri – institutun baş direktoru akademik İradə Hüseynova qeyd edilən Sərəncamın məzmunundan və onun imzalanmasının zərurətindən danışıb. O bildirib ki, Sərəncama əsasən oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq, eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Toplantıda qeyd olunub ki, əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Akademik İradə Hüseynova Sərəncamın icrasının ölkədə müvafiq istiqamətlər üzrə elm sahələrinin intensiv inkişafına əhəmiyyətli təkan verəcəyinə inamını ifadə edib.