sa sa 860
MBBİ-də akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd edilib + Foto Apr 28, 2025 | 15:39 / Konfranslar, iclaslar

Aprelin 28-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim, ictimai-siyasi xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Mənəvi Kamillik və Xeyirxahlıq Ünvanı” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova Azərbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. Natiq qeyd edib ki, akademik Zərifə Əliyeva ömrünü insanlara nur bəxş etməyə həsr etmiş, elmi və insani keyfiyyətləri ilə yaddaşlarda silinməz iz buraxmışdır. Görkəmli alimin tədqiqatları, fədakar fəaliyyəti yalnız oftalmologiya elminə deyil, bütövlükdə Azərbaycan səhiyyəsinə dəyərli töhfələr vermişdir. Zərifə xanımın adı bu gün də şəfqət, mənəvi kamillik, elmə, insanlığa sədaqət simvolu kimi böyük hörmətlə anılır. Onun zəngin irsi, insanlara işıq gətirən ömür yolu gələcək nəsillərə nümunə olaraq yaşayır. Görkəmli alimin əziz xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Azərbaycanda Zərifə xanımın adını daşıyan bir sıra müəssisə fəaliyyət göstərir. Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi böyük alimin həyat və fəaliyyətinə dərin ehtiramın təcəssümüdür. Burada insanlara yüksək səviyyədə tibbi xidmət göstərilir, eyni zamanda elmi tədqiqatlar aparılır.

“Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva öz əməlləri ilə xalqın sonsuz sevgisini qazanmışdır”, - deyə bildirən akademik İradə Hüseynova görkəmli alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı kitabın AMEA-nın 80 illiyi çərçivəsində “Elm” nəşriyyatında ingilis dilində nəşr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, aktual problemlərə həsr olunan kitabın ingilis dilində çap olunması oftalmoloq alimin şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə həmçinin AMEA-nın müxbir üzvü Novruz Quliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, tibb elmləri doktoru Nazilə Rüstəmova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, MBBİ-nin gənc əməkdaşı, Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Aygün Sadiqova çıxış edərək Akademik Zərifə Əliyevanın Azərbaycan elmi və səhiyyə tarixində parlaq iz qoymuş şəxsiyyətlərdən biri olaraq onu tanıyan hər kəsin sevgisini qazandığını və daim xalqımızın qəlbində yaşayacağını söyləyiblər.

Sonda  görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.