Mayın 6-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda MBBİ-nin Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova "Toksikliyin molekulyar əsasları, toksiki reaksiyalarla əlaqəli transkripsiya, translyasiya və siqnal ötürülmə yollarında dəyişikliklər" mövzusunda çıxış edib. Qeyd edək ki, Gulmirə Əlibəyova 2022-ci ildə İslam İnkişaf Bankının təqaüd proqramının qalibi olaraq Türkiyənin Gazi Universitetində doktorantura təhsilinə başlamışdır. O, Türk populyasiyasında ACE1 və ACE2 gen polimorfizmlərinin kompleks rolunun və bu polimorfizmlərdən qaynaqlanan ürək-damar və təsəffüs sistemi patologiyalarının tədqiqi ilə məşğuldur. 2024-cü ildən tədqiqatlarını Ankara Etlik şəhər xəstəxanasında davam etdirməkdədir. Gülmirə Əlibəyova toksikologiyanın əhatə dairəsi və məqsədindən, həmçinin xəstəliklərin inkişafı üçün risk faktorları olan genlərdən, xəstəliyin patogenezinin aydınlaşdırımadsından, xəstəliyin yayılma səbəblərini və etiologiyasını müəyyən etmək üçün istifadə olunan molekulyar biologiya üsullarından bəhs edib. Gənc tədqiqatçının çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Məruzə ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.