MBBİ-nin əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto
May 12, 2025 | 19:00 / Ezamiyyətlər
6-7 may 2025-ci il tarixlərində AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin məqsədi sahə şəraitində əkilmiş buğda genotipləri üzərində qeyri-invaziv rəqəmsal fenotipləmə və fenoloji müşahidələrin aparılması olmuşdur. Ezamiyyət çərçivəsində təcrübə sahələrində müxtəlif nəzarət pitomniklərində monitorinqlər aparılmış, bitkilərin fenotipik vəziyyəti qiymətləndirilmişdir. Ölçmələr müsabiqəli sort sınağında yoxlanılan və genom tədqiqatları üçün analiz olunan 67 yerli, 41 Rusiya, 9 Türkiyə və 18 Avropa mənşəli genotiplər də daxil olmaqla, ümumilikdə 200-dən artıq genotip üzrə aparılmışdır. Nəticələrin etibarlılığını artırmaq üçün hər genotip üzrə on bitki üzərində təkrar ölçmələr aparılmışdır. Bütün genotiplərdən nümunələr götürülmüş və molekulyar-bioloji, həmçinin biokimyəvi analizlərin aparılması üçün laboratoriyaya gətirilmişdir.