MBBİ-də “Molekulyar biologiya” ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto
May 16, 2025 | 15:00 / Seminarlar
Mayın 16-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərovanın “Flaq yarpağın təbii və quraqlıqla induksiya olunan qocalması zamanı buğdada antioksidant sistemin, ultrastruktur xüsusiyyətlərin və bəzi genlərin ekspressiyasının tədqiqi” mövzusunda dissertasiya işinin ED 1.25 Dissertasiya şurasının elmi seminarında müzakirəsi keçirilib. 2415.01–“Molekulyar biologiya” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işinin elmi rəhbəri akademik İradə Hüseynova, rəyçiləri İraqın Süleymani Süleymaniyyə Universitetinin Kənd Təsərrüfatı Mühəndisliyi Elmləri Kollecinin Biotexnologiya və mədəni bitki elmləri Departamentinin professoru Emad Mahmood Al-Maaroof və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Molekulyar onkologiya laboratoriyasının müdiri b.ü.f.d. Leylaxanım Məlikovadır. Turanə İsgəndərova dissertasiyanın əsas məqamlarını şərh edib və mövzu ilə bağlı müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz rəy və fikirlərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, həmçinin elmi və praktik əhəmiyyətini vurğulayıblar. Səsvermənin nəticəsi əsasında Turanə İsgəndərovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması qərara alınıb.