sa sa 5519
Akademik Iradə Hüseynovanın 60 illik yubileyidir! May 24, 2025 | 00:04 / Yubileylər

Çoxhörmətli İradə xanım!

Sizi - Azərbaycanda biologiya elminin inkişafında böyük xidmətləri olan görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvünü, biologiya elmləri doktorunu, professoru 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək elmi-pedaqoji və ictimai-təşkilati  fəaliyyətinizdə uğurlar arzulayırıq.

Siz Azərbaycan qadınının zəhmətsevərliyini, müdrikliyini və ziyalılığını öz şəxsinizdə parlaq şəkildə təcəssüm etdirirsiniz. Dərin intellektiniz, təşkilatçılıq bacarığınız, prinsipial mövqeyiniz, sadəliyiniz və insanlara olan xoş münasibətinizlə elmi və ictimai mühitdə böyük nüfuz qazanmısınız. Sizin elmi fəaliyyətiniz respublikamızda ali təhsilin və elmin inteqrasiyasına, molekulyar biologiya və biotexnologiyanın müasir istiqamətlərinin inkişafına və ölkəmizin beynəlxalq elmi məkanlarda layiqli təmsil olunmasına mühüm töhfələr göstərmişdir. Gərgin elmi fəaliyyətinizin nəticəsində “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görülməyiniz Azərbaycan aliminin dünya elmindəki nüfuzunun göstəricisidir.

Uzunillik zəhmətiniz, elmi-praktik fəaliyyətiniz, həmçinin institutda həyata keçirdiyiniz çoxşaxəli layihələr Azərbaycanda biologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Siz molekulyar biologiya sahəsində özünəməxsus məktəb yaratmış, bu istiqamətdə ölkəmizdə və onun hüdudlarından kənarda tanınan dəyərli elmi işlərə imza atmısınız. Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətiniz sayəsində institutda elmi mühitin yaradılması istiqamətində effektiv nailiyyətlər əldə olunmuş, gənc alim və mütəxəssislərin elmə marağı artmış, beynəlxalq elmi əməkdaşlıqlar genişlənmişdir. Siz təkcə alim kimi deyil, pedaqoq, tədqiqatçı və elm təşkilatçısı kimi də yüksək hörmət və rəğbət qazanmısınız. İnstitutda magistrant və doktorant hazırlığının dünya standartlarına uyğun şəkildə təşkil olunmasında Sizin əməyiniz danılmazdır. Alimin ən böyük mirası onun yetişdirdiyi tələbələrdir. Bu gün Sizin tövsiyəniz və bilavasitə dəstəyiniz sayəsində tələbələriniz dünyanın Fransa, Böyük Britaniya, Belçika, Türkiyə, İtaliya və s. kimi qabaqcıl dövlətlərinin aparıcı universitetlərində doktorantura təhsili alır və uğurla tədqiqatlar aparırlar.

Siz yüksək intellekti, prinsipial mövqeyi, təvazökarlığı, özünə və başqalarına qarşı tələbkarlığı ilə seçilən əsl ziyalı və bacarıqlı elm təşkilatçısısınız. AMEA-nın vitse-prezidenti, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin sədri, AR ATN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru,  eyni zamanda institutun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının baş redaktorunun müavini, “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” jurnalının baş redaktoru, YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli nümayəndəsinin müavini, YAP-ın üzvü, Bakı Dövlət Universitetinin professoru və digər vəzifələrdə uğurlu fəaliyyətiniz buna bariz nümunədir.

Əziz İradə xanım, bu əlamətdar gündə Sizi bir daha təbrik edir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan davamlı inkişaf və tərəqqi, Azərbaycan elminə yorulmadan xidmət etmək yolunda yeni-yeni yaradıcılıq uğurları, həyata keçirmək istədiyiniz layihə və planlarda davamlı nailiyyətlər, möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Qoy bundan sonrakı illər həyatınıza daha çox uğur, mənəvi rahatlıq və bol-bol sevinc gətirsin!

 

Dərin hörmətlə, 

 

AR ETN Molekulyar Biologiya  və

Biotexnologiyalar İnstitutunun kollektivi

 

24 may 2025-ci il