sa sa 2326
28 May – Müstəqillik Günüdür May 27, 2025 | 09:00 / Mühüm hadisələr

28 May Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik olan tarixi gündür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu və bununla da xalqımız ilk dəfə müstəqil dövlət qurmaq hüququnu gerçəkləşdirdi. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün müsəlman Şərqi üçün də böyük bir yenilik idi – Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli, demokratik respublika oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət quruculuğu sahəsində mühüm addımlar atdı. Azərbaycan dili dövlət dili elan olundu, milli ordu yaradıldı, milli valyuta dövriyyəyə buraxıldı, ilk universitet – Bakı Dövlət Universiteti təsis olundu. Eyni zamanda, qadınlara seçki hüququ verilməsi ilə Azərbaycan bir çox Avropa ölkələrini də qabaqlamış oldu. Lakin 1920-ci ildə bolşevik işğalı bu azadlıq yolunu yarımçıq qoydu. Xalqımız müstəqilliyini itirsə də, müstəqil yaşamaq arzusu heç zaman sönmədi. Bu ideya xalqın yaddaşında yaşadı, nəsildən-nəslə ötürüldü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən müstəqil oldu. Bu dəfə də xalqın arxasında güclü bir lider dayanırdı – Ümummilli Lider Heydər Əliyev. Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində gənc respublika xaos və parçalanmadan xilas oldu, möhkəm təməl üzərində dövlətçiliyini qurdu. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi məhz onun adı ilə bağlıdır. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müstəqilliyi daha da güclənmiş, beynəlxalq aləmdə nüfuzu artmış, ərazi bütövlüyü bərpa olunmuşdur.  28 May – bu gün biz təkcə bir tarixi faktı deyil, həm də bir xalqın yenilməz iradəsini, öz taleyinə sahib çıxmaq əzmini, müstəqil yaşamaq hüququnu qeyd edirik. Bu gün biz fəxr edirik ki, azadıq, müstəqilik və güclüyük. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq!