sa sa 5142
MBBİ-də 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib + Foto May 28, 2025 | 18:00 / Tədbirlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Zoom platforması üzərindən keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru, b.ü.f.d. dosent Ələmdar Məmmədov 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən, onun milli dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan bəhs edib. Ə. Məmmədov qeyd edib ki, hər bir xalqın tarixində elə günlər var ki, illər keçsə də heç zaman unudulmur. Azərbaycanın tarixində bu cür parlaq, qürurverici və unudulmaz günlərdən biri də 28 May – Müstəqillik Günüdür. Bu tarix, sadəcə bir dövlətin yaranma günü deyil, həm də azadlıq uğrunda can qoymuş bir xalqın öz taleyinə sahib çıxmaq istəyinin simvoludur. Bu mühüm tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir və müasir Azərbaycan dövlətinin hüquqi və ideoloji əsaslarını təşkil edir. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Novruz Quliyev, İnstitutun elmi katibi, b.ü.f.d. Durna Əliyeva, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, biologiya üzrə fəlsəfə doktorları Ulduza Qurbanova, Taliyyə Orucova, Əsmər Abdullayeva, institutun elmi işçisi Aygün Sadiqova  Müstəqillik Gününü xalqın azad yaşamaq haqqının tərənnümü kimi qiymətləndirmişlər. Gələcək nəsillər bu günü yalnız bir bayram kimi deyil, həm də milli kimliyimizin, birlik və bərabərliyimizin təməli kimi yadda saxlamalıdırlar. Bu günün ruhunu yaşatmaq, onu gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqillik bizim kimliyimiz, qürurumuz və sabahımıza olan ümidimizdir.