Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş 18 may – 18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda maarifləndirici tədbir təşkil olunub. İclası giriş sözü ilə açan institutun icraçı direktoru, b.ü.f.d. dosent Ələmdar Məmmədov qeyd edib ki, tədbirin məqsədi insan hüquq və azadlıqlarının təbliği, bu sahədə əməkdaşların məlumatlandırılması və hüquqların müdafiəsi sahəsində mövcud çağırışlara diqqətin yönəldilməsidir. Ələmdar Məmmədov Azərbaycan Respublikasının Konstitusiyası və ona edilmiş son dəyişikliklər haqqında iştirakçılara geniş məlumat verib. O bildirib ki, Konstitusiya ölkənin ali hüquqi aktı olaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının əsas təminatçısıdır. Daha sonra tədbirdə çıxış edən biologiya üzrə fəlsəfə doktorları Səadət Xudaverdiyeva və Nərgiz Bayramova Konstitusiyada əks olunmuş müddəalar və edilən islahatlar, o cümlədən insan hüquq və azadlıqlarının daha da gücləndirilməsinə xidmət edən dəyişikliklər barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, hər bir vətəndaş, xüsusilə də gənc nəsil, öz hüquq və azadlıqlarını bilməli və onları müdafiə etməyi bacarmalıdır. Gənclərə hüquqi biliklərin artırılması ilə bağlı çağırış edilib və hüquqların qorunmasında fəal iştirakın cəmiyyətin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin insan hüquqlarının qorunması sahəsində ölkəmizdə atılan mühüm addımlar, əldə olunmuş nailiyyətlər, mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə olunub. Qeyd olunub ki, hüquqi maarifləndirmə tədbirləri bu istiqamətdə mühüm vasitədir və bu cür təşəbbüslərin davamlı xarakter alması zəruridir. Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş etdirilib.