AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru, akademik İradə Hüseynovanın 60 illik yubileyi ilə bağlı Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Taleh Hacıyev elm və təhsil naziri Emin Əmrullayevin yubilyara təbrikini səsləndirib. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 60 illik yubileyi və ictimai-siyasi fəaliyyəti ilə əlaqədar İradə xanımı təbrik edib və sözügedən təşkilatın Fəxri Fərmanını ona təqdim edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən təqdim edilən yubiley təbriki oxunub. AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, AR ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev tabeliklərindəki institutların kollektivləri adından İradə xanımı təbrik ediblər. Çıxış edənlər akademik İradə Hüseynovanın elmi, pedaqoji və ictimai fəaliyyətindən, onun Azərbaycan elminin və cəmiyyətinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib, İradə xanımın fəaliyyətinin genişmiqyaslı olduğunu və müxtəlif sahələri əhatə etdiyini vurğulayıblar. Daha sonra AMEA-nın müxbir üzvü Novruz Quliyev MBBİ əməkdaşları adından İradə xanımı təbrik edərək, yeni bir institutun formalaşmasının nə qədər çətin olduğunu bildirib və bu işin uğurla həyata keçirilməsində İradə xanımın göstərdiyi səylərdən və uğurlardan bəhs edib. İnstitutun gəncləri adından çıxış edən Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova və hazırda Oksford Universitetində postdok vəzifəsində çalışan Gülnar Abdullayeva İradə xanımın gənc alimlərə göstərdiyi dəstək və qayğıdan bəhs edərək, bütün nailiyyətləri üçün ona borclu olduqlarını vurğulayıb və müəllimlərinə səmimi qəlbdən təşəkkür ediblər.
Daha sonra akademik İradə Hüseynova öz çoxillik elmi fəaliyyəti haqqında hesabat verib. O, görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin ilk dəfə elm yoluna qədəm basmış bir gənc kimi ona dayaq olmasından və sonralar göstərdiyi böyük etimaddan danışıb. Alim Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Cəlal müəllimin rəhbərlik etdiyi şöbəyə gəlməsi, onun rəhbərliyi altında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını uğurla müdafiə etməsi barədə danışıb, yeni yaradılan Bioadaptasiya laboratoriyasının müdiri və daha sonra MBBİ-nin direktoru kimi fəaliyyət göstərdiyi illərdən bəhs edib. O, Cəlal müəllimin vəsiyyətinə əmək edərək instituta rəhbərlik kimi məsuliyyətli bir vəzifəni yerinə yetirdiyi üçün özünü xoşbəxt hesab etdiyini vurğulayıb və yubiley münasibətilə onu təbrik edənlərin hamısına öz dərin təşəkkürünü bildirib.
İclasın sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.