sa sa 4027
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto İyl 11, 2025 | 15:24 / Seminarlar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda MBBİ-nin əməkdaşları ilə yanaşı, Ege Universitetinin professoru Əziz Eftexari, Oksford Universitetində post-doktor kimi çalışan PhD Gülnar Abdullayeva, Türkiyənin Qazi Universitetinin doktorantı Gülmirə Əlibəyova və Fransanın Monpelye Universitetini doktorantı Aytac Mürşüdova da iştirak ediblər.

“Qocalma və neyrodegenerativ xəstəliklər zamanı mtUPR vasitəsilə mitoxondrial keyfiyyətə nəzarət” mövzusunda çıxış edən Edqar Şahbazov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisası üzrə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının məzunudur. O, magistr dissertasiyasının mövzusu üzrə tədqiqatlarını AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasında akademik İradə Hüseynovanın rəhbərliyi altında həyata keçirib. Magistr işininin müdafiəsi zamanı bu il yeganə 100 bal toplayan gənc tədqiqatçı dünyanın aparıcı universitetlərinə doktorantura təhsili üçün müraciət etmiş və Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mançester Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsində Molekulyar biologiya ixtisası üzrə doktorantura proqramına qəbul almışdır.

Seminarda Edqar Şahbazov qeyd edib ki, mitoxondrial balansa nəzarət qocalma və xüsusilə, neyrodegenerativ xəstəliklər zamanı xüsusi əhəmiyyət daşıyır. Neyrodegenerativ patalogiyalarda zülal mənşəli mitoxondrial stres digər dağıdıcı mexanizmlərin işə düşməsinə səbəb olduğu üçün orqanizm mtUPR adlanan stresə cavab mexanizmi ilə gen səviyyəsində (epigenetik tənzimlənmə) normal vəziyyəti bərpa edir. Məruzəçi hazırda dünyanın müxtəlif elmi tədqiqat mərkəzlərində mtUPR-in böyük perspektivlər vəd edən mexanizm kimi geniş şəkildə araşdırıldığını vurğulayıb.

Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. E. Şahbazov verilən suaları ətraflı cavablandıraraq seminar iştirakçılarına öz minnətdarlığını bildirib.