MBBİ-nin əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında buğda biçini prosesində iştirak ediblər + Foto
İyl 18, 2025 | 17:00 / Ezamiyyətlər
16-18 iyul 2025-ci il tarixlərində AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin məqsədi genom tədqiqatlarına cəlb edilmiş 188 buğda genotipinin, müxtəlif nəzarət pitomniklərində əkilmiş yerli hibridləşmə əsasında stabilləşmiş F5 xətlərin, beynəlxalq təşkilatlardan alınan, o cümlədən Almaniyanın “KWS-Seeds Einbeck” seleksiya kompaniyasından tədqiqat məqsədilə əldə edilmiş yüksək məhsuldar elit buğda sortların və yeni yaradılmış sortların taxıl biçini prosesində iştirak etmək olmuşdur. Bitki nümunələrinin biçin öncəsi aqronomik əlamətləri müzakirə edilmiş, biçilmiş buğda genotiplərinin ilkin məhsuldarlığı qiymətləndirilmişdir. Alınan nəticələr laboratoriya daxilində aparılmış molekulyar bioloji və biokimyəvi tədqiqat nəticələri ilə bioinformatik proqramlarla müqayisəli-statistik analiz ediləcəkdir.