sa sa 3346
Dünya fotosintez elminin tanınmış simalarından biri olan Süleyman Allahverdiyevin 75 yaşı tamam olur Avg 01, 2025 | 17:00 / Yubileylər

Azərbaycan elminin dərin zəkası, araşdırma əzmi və beynəlxalq miqyasda tanınan nailiyyətləri ilə seçilən nadir şəxsiyyətlərindən biri də akademik Cəlal Əliyev elmi məktəbinin yetirmələrindən olan, dünya fotosintez elminin nəhənglərindən sayılan, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının Fundamental Biologiya Problemləri İnstitutunun baş elmi işçisi, K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının müdiri və baş elmi işçisi, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiyalar beynəlxalq laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, biologiya elmləri doktoru, professor, Rusiya EA-nın müxbir üzvü Süleyman İfxan oğlu Allahverdiyevdir.

Süleyman Allahverdiyev 1950-ci il avqustun 1-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində dünyaya göz açıb. Gözəlliyi ilə seçilən Göyçə gölünün qoynunda böyüyən bu insan sonralar dünya elminə parlaq töhfələr vermiş alimlər sırasına qoşulub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini 1973-cü ildə bitirən Süleyman müəllim ilk pedaqoji fəaliyyətinə doğma kənd məktəbində başlayıb. Lakin elmə olan marağı və tədqiqat ruhu onu SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutuna (Puşşino) gətirib.

1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda biofizika üzrə namizədlik dissertasiyasını müdafiə edən alim, daha sonra 2002-ci ildə Rusiya Elmlər Akademiyasının Bitkilərin Fiziologiyası İnstitutunda biologiya elmləri doktoru alimlik dərəcəsini alıb. Burada onun elmi rəhbərləri akademik A.A.Krasnovski və V.V.Klimov kimi dünya şöhrətli tədqiqatçılar olublar.

Süleyman Allahverdiyev təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında fotosintez sahəsində ən mühüm nailiyyətlər qazanmış nadir alimlərdəndir. Onun tədqiqatları fotosistem II-nin (FS-2) elektron-nəqliyyat zəncirinin ilkin mərhələlərini, enerji və kinetik mexanizmlərini izah etməklə fotosintez haqqında elmi anlayışların genişlənməsində mühüm rol oynayıb.

Alimin sübut etdiyi kimi, FS-2-də elektronların ötürülməsində əsas rolu oynayan molekullardan biri – feofitin – donor və akseptor molekulları arasında mühüm vasitəçi funksiyasını yerinə yetirir. Süleyman Allahverdiyevin rəhbərliyi ilə FS-2-də oksigen ayıran mərkəzdə 4 manqan atomunun iştirakı və bu prosesin molekulyar əsasları da müəyyən edilib. Bu araşdırmalar fotosintez üzrə dünyanın tanınmış dərsliklərinə daxil edilib və sahənin təməl biliklərinin formalaşmasında aparıcı rol oynayıb.

Süleyman Allahverdiyev təkcə klassik fotosintez mexanizmlərini deyil, həm də müasir dövrün aktual istiqamətlərini – bioenergetika, süni fotosintez, molekulyar hidrogen texnologiyalarını uğurla inkişaf etdirir. Onun rəhbərliyi ilə nanobiotexnologiyalar sahəsində, xüsusilə təbii zülal strukturları əsasında süni fotosintez sistemlərinin yaradılması istiqamətində fundamental nəticələr əldə olunub. Bu istiqamət alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə olunmasına şərait yaradır və davamlı inkişaf konsepsiyalarına praktiki töhfə verir.

Alimin elmi fəaliyyəti dünyanın 40-dan çox ölkəsini əhatə edən beynəlxalq əməkdaşlıq şəbəkəsi ilə səciyyələnir. O, Kanada, Yaponiya, Koreya, Sinqapur, Türkiyə, Hindistan, Fransa, Almaniya, Avstraliya və digər ölkələrdə professor kimi fəaliyyət göstərib, bir çox beynəlxalq layihələrə rəhbərlik edib.

Süleyman müəllim uzun illər (1990-2007) Yaponiyanın Okazaki şəhərində Milli Fundamental Biologiya İnstitutunda (prof. Morio Murata ilə birlikdə) və Klebek Universitetinin Kimya və bilogiya fakültəsində prof. Robert Carpentier ilə birlikdə çalışıb, Trois-Rivieres şəhəri, Klebek, Kanada (1988-1990) və İspaniyada işləyib.

Professor Süleyman Allahverdiyev dünya səviyyəli tədqiqatçılarla uğurla əməkdaşlıq edib. O, "Photosynthesis Research", "BBA-Bioenergetics", "International Journal of Hydrogen Energy", "Heliyon", "Functional Plant Biology" və digər nüfuzlu jurnalların redaksiya heyətinin üzvü və redaktoru kimi beynəlxalq elmi məkanda yüksək nüfuza malikdir.

Professor Allahverdiyev bu gün təkcə aparıcı tədqiqatçı deyil, həm də elmi kadr hazırlığında nailiyyətlər qazanmış pedaqoqdur. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə bir neçə elmlər doktoru və elmlər namizədi yetişib.

S.Allahverdiyev 500-ə qədər elmi məqalənin, 7 ixtiranın və 12 kitabin müəllifidir. Alimin Hirş indeksi 89, i10 indeksi 337, elmi əsərlərinə istinad sayı 32500-ə yaxındır.

Süleyman Allahverdiyev fotosintez sahəsində dünyanın ən nüfuzlu alimlərinin sırasına daxil olaraq, Highly Ranked Scholars (ScholarGPS) reytinqinə əsasən, top 0,05%-lik siyahıya düşüb.

S.Allahverdiyev 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) dəvətli professor kimi çalışıb. O, hazırda AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiyalar beynəlxalq laboratoriyasına rəhbərlik etməklə yanaşı, Moskva Dövlət Universitetində, Moskva Fizika-Texnika İnstitutunda, Bahçeşehir Universitetində (İstanbul), Foşan Universitetində (Çin), Əl-Farabi adına Qazax Milli Universitetində də professor kimi fəaliyyət göstərir.

Alim Rusiya və digər ölkələrdə keçirilən 100-dən çox konfransda çıxış edib, dünyanın 40-dan çox ölkəsində, o cümlədən Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və s. dövlətlərdə dəvətlə mühazirələr oxuyub.

Süleyman Allahverdiyevin elmi nailiyyətləri bir çox nüfuzlu beynəlxalq mükafatlarla dəyərləndirilib. O, 2016-cı ildə Thomson Reuters tərəfindən “Yüksək istinad olunan tədqiqatçı”, 2018-ci ildə “Scopus Awards Russia” mükafatı, 2019-cu ildə K.A.Timiryazev adına mükafat, 2021-ci ildə “Qlobal Enerji” beynəlxalq mükafatı və 2024-cü ildə N.Vəziroğlu adına Beynəlxalq Hidrogen Mükafatı, Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin “Elm qarşısında xidmətlərinə görə” qızıl medalı ilə təltif olunub.

2022-ci ildə o, Rusiya Federasiyasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, Rusiya Elmlər Akademiyasının 300 illik yubiley medalı ilə təltif edilib.

Süleyman müəllim 2022-ci ildən etibarən hər il Research.com reytinqində “Bitki elmi və aqronomiya” kateqoriyası üzrə Rusiya alimləri arasında birinci yeri tutur. Həmçinin Stanford Universitetinin tərtib etdiyi siyahıya əsasən 2020-2024-cü illərdə dünyanın ən nüfuzlu 1%-lik alimləri sırasında qərarlaşıb.

Azərbaycanın görkəmli oğlu Süleyman Allahverdiyev yaşadığı qürbətdə elm fədaisi kimi tanınmaqla yanaşı, Vətən elminin nüfuzunu beynəlxalq aləmdə yüksəldən əsl ziyalıdır. Onun biofizika, fotosintez, molekulyar biologiya və biotexnologiya sahələrində apardığı araşdırmalar bir neçə nəslin elmi düşüncəsini formalaşdırıb, gənc alimlər üçün örnəyə çevrilib.

Elm aləmində təkcə faktlara deyil, həm də ilhamverici şəxsiyyətlərə ehtiyac var. Süleyman Allahverdiyev belə simalardandır – Qərbi Azərbaycanın füsunkar təbiətindən çıxıb dünya elminin zirvələrinə ucalan, minlərlə sitata, yüzlərlə elmi əsərə, onlarla beynəlxalq layihəyə və əbədi nüfuza sahib bir elm adamı...

Azərbaycan elmi ictimaiyyəti olaraq tanınmış alim Süleyman Allahverdiyevi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni elmi uğurlar arzu edirik.