sa sa 2090
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının iclası keçirilib + Foto Sen 15, 2025 | 14:32 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının yay məzuniyyətindən sonra ilk iclası keçirilib. İclası giriş sözü ilə açan şuranın sədri, institutun baş direktoru akademik İradə Hüseynova gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. İ.Hüseynova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ABŞ-yə, Vaşinqton şəhərinə tarixi səfəri haqqında məlumat verib. O, bildirib ki, Vaşinqton səfəri, orada keçirilən görüşlər, əldə edilmiş razılaşmalar və imzalanan sənədlər ölkəmizin dövlətçilik tarixində mühüm bir mərhələ kimi qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın öz liderinin rəhbərliyi ilə müstəqil siyasət yürüdən, regional gücə çevrilən və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunan dövlət səviyyəsinə yüksəldiyini bir daha təsdiq edib. Cənab Prezidentin dediyi kimi: “Azərbaycan bu gün Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin, inkişafın və əməkdaşlığın aparıcı qüvvəsidir. Bizim mövqeyimiz açıqdır, məqsədimiz sülh və tərəqqidir.” 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizi yeni reallıqların müəllifinə çevirmişdir. Ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmin olunması təkcə hərbi-siyasi qələbə deyil, həm də iqtisadi, sosial, humanitar və elmi tərəqqi üçün yeni imkanların açılması deməkdir. Vaşinqton səfərinin ən mühüm nəticələrindən biri də onu hesab etmək olar ki, Böyük Zəfər və onun yaratdığı yeni reallıqlar ABŞ və digər dünya gücləri tərəfindən açıq şəkildə qəbul olunur və bu bir faktdır. Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan yeddi maddədən ibarət Birgə Bəyannamə Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq istiqamətində tarixi dönüş nöqtəsidir, uzun illərdən bəri davam edən qarşıdurmalara son qoyulması və dayanıqlı sülhün bərqərar olması baxımından tarixi addımdır.

Sonra institutun 2422.01-Biotexnologiya (o cümlədən bionanotexnologiyalar) ixtisasında fəlsəfə doktoru hazırlığı üzrə sabiq dissertantı Aysu-Şövkət Həsənovanın dissertasiya mövzusunun redaktə olunması, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi Taliyyə Orucovanın “Karbon konsentrasiyaedici mexanizmlərin təkamülü və fizioloji uyğunlaşma strategiyaları” adlı monoqrafiyasının dərc olunması məqsədəuyğun hesab olunmuşdur.

Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Kave Babainin Polşanın Poznan şəhərində Avropa Kristalloqrafiya Konfransında, Populyasiya genomiksi laboratoriyasının müdiri Nurməmməd Mustafayevin Özbəkistan Respublikasının Səmərqənd  şəhərində keçirilən 5-ci Beynəlxalq TURAZ Akademiyası Konqresində iştirakı ilə bağlı hesabatları dinlənilib. Eyni zamanda Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Ruslan Süleymanovun Türkiyənin Dokuz Eylül Universitetində,  Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasında mühəndis-proqramlaşdırıcı vəzifəsində çalışan Lalə İbadullayevanın Böyuk Britaniyanın Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurası (MRC) Molekulyar Biologiya İnstitutuna ezam olunması kimi məsələlər müzakirə oluaraq müsbət qərarlar qəbul olunub. Daha sonra Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dos. Samirə Rüstəmova  2024-cü ildə institutun doktoranturasına qəbulun nəticələri haqqında məlumat verib.

İclasda 27 sentyabr – Anım Gününün 5-ci ildönümünün və AMEA-nın 80 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı müzakirə edilib.