MBBİ-də 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib + Foto
Sen 26, 2025 | 15:57 / Tədbirlər
Sentyabrın 26-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri MBBİ-nin icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov açaraq 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, güclü siyasi və diplomatik fəaliyyətinin, eyni zamanda Müzəffər Ali Baş Komandan kimi göstərdiyi liderliyin nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və bu, xalqımızın birliyi, milli həmrəyliyi sayəsində mümkün oldu. Ələmdar Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik yolunu uğurla davam etdirərək, onun ən böyük vəsiyyətini – Qarabağın azad olunması amalını gerçəkləşdirdi. Bu Zəfər xalqımızın əsrlər boyu həsrətində olduğu torpaqların azadlığı uğrunda mübarizəsinin ən uca zirvəsidir və təkcə hərbi gücün deyil, həm də siyasi uzaqgörənliyin, milli ruhun və xalq–ordu–dövlət birliyinin təntənəsidir.
Daha sonra çıxış edən AMEA-nın müxbür üzvü İbrahim Əzizov qeyd edib ki, müharibə günlərində nəinki gənclərin, həm də yaşlı insanların könüllü olaraq döyüşə getməyə can atması xalqımızın Vətən sevgisinin və birliyinin ən parlaq nümunəsidir. Bu fakt eyni zamanda vətənpərvər ruhda tərbiyənin nə qədər mühüm olduğunu bir daha təsdiqləyir. Tədbirdə iştirak edən şəhid Aslan Rzayevin bacısı Firuzə Rzayeva, övladları Vətən müharibəsi qaziləri olan institutun əməkdaşları b.ü.f.d. Mayaxanım Xanışova, Təchizat və xidmət şöbəsinin əməkdaşı Nəsibə Abdullayeva və institutun Mülki Müdafiə qərargahının rəisi Mikayıl Paşayev övladlarının qəhrəmanlığının xalqın yaddaşında daim yaşayacağına əminliklərini ifadə ediblər. Daha sonra 1-ci Qarabağ müharibəsinin iştirakçısı, b.ü.f.d. Nurməmməd Mustafayev, Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f.d. Nərgiz Bayramova çıxış edərək şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edib, Azərbaycanın müasir tarixində Vətən müharibəsinin əvəzolunmaz rolunu, xalqımızın milli qürurunun və dövlətimizin gücünün simvolu olmasını xüsusi vurğulayıblar.
Tədbirin sonunda 27 Sentyabr-Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.