Bu gün AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 7 oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru b.ü.f.d., dos. Ələmdar Məmmədov bu günün əsasında hər kəsin layiqli əmək hüququnun dayandığını vurğulayıb. Ə. Məmmədov institutda əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, laboratoriyaların zəruri avadanlıqla təmin edilməsi və təhlükəsizliyin təmin edilməsi üçün görülən işlərdən bəhs edib. İnstitutun Həmkarlar Təşkilatının sədri b.ü.f.d., dosent Səadət Xudaverdiyeva 7 Oktyabr Ümumdünya Layiqli Əmək Gününün Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə 2008-ci ildən başlayaraq qeyd olunduğunu bildirib. O qeyd edib ki, layiqli əmək anlayışı məşğulluq, hüquq, müdafiə və dialoq kimi 4 əsas aspekti əhatə edir. Bu aspektlər isə layiqli gəlir, layiqli əmək şəraiti, işçilər arasında bərabərlik, bütün işçilərlə rəhbərlik arasında dialoq, sosial müdafiədən istifadə imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikasında layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Azərbaycan bu günə qədər Beynəlxalq Əmək Təşkilatının 60-a yaxın Konvensiyasına qoşulub. Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi və Milli Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı ilə birgə Layiqli Əmək üzrə 2 ölkə Proqramı hazırlanıb və icra edilib. Yeni – 3-cü Ölkə Proqramı üzərində iş davam edir. Tədbirdə b.e.d., prof. Səftər Süleymanov, b.e.d. Həsən Babayev, b.ü.f.d., dos. Mahirə Məmmədova və institutun Mülki Müdafiə qərargahının rəisi Mikayıl Paşayev çıxış ediblər. Daha sonra mövzu ətrasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.