“Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini plenar iclasla davam etdirib + Foto
Okt 16, 2025 | 17:00 / Konfranslar, iclaslar
Bakıda AR Elm və Təhsil Nazirliyi, Elm və Təhsil üzrə Dövlət Agentliyi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini plenar iclasla, dəvətli məruzəçilərin təqdimatları ilə davam etdirib.
ABŞ-nin Nebraska Universitetinin professoru Tahir Tahirovun və ABŞ-ın Ouburn Universitetinin professoru Rəşad Kərimovun moderatorluğu ilə keçirilən iclaslarda ABŞ-ın Emory Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru professor Camal Musayevin “Katalizdə mikro-mühitin və qeyri-kovalent qarşılıqlı təsirlərin rolları haqqında: Günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsi”, Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Nazın “Yaşıl inqilab” və “Genom inqilabı”: kənd təsərrüfatının davamlı inkişafı üçün həll yolları”, Türkiyənin Bilkent Universitetinin dosenti Dr. Yunus Emre Türkmenin “Dörd, beş və altı üzvlü halqaların qurulması üçün dizayn prinsipləri: tsiklobutanlar, γ-laktamlar və flüorantenlər”, Qətər Krallığının Translasiya Araşdırmaları İnstitutunun professoru Aamir Ahmadın “Epigenetika və dəqiq onkologiya: bu günə qədər əldə olunan uğurlar”, professor Tahir Tahirovun “Pritelivir və amenamevir vasitəsilə herpesvirus helikaza-primas kompleksinin inhibisiyasının struktur əsasları”, Ege Universitetinin (İzmir, Türkiyə) professoru Aziz Eftekharinin “Yaşıl nanotexologiya: dayanıqlı gələcək naminə”, Dokuz Eylül Universitetinin (İzmir, Türkiyə) professoru Levent Çavaşın “Yaşıl kimya metodologiyalarından istifadə etməklə hidrogen istehsalı”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri biologiya elmləri doktoru Yaşar Feyziyevin “Fotosistem 2-də kadmium, mis, sink və qurğuşun ionlarının oksigenin ayrılmasına təsirinin müqayisəli tədqiqi” adlı məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Hər bir təqdimatdan sonra geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Konfrans öz işini davam etdirir.