 “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə seksiya iclasları ilə davam edib  + Foto  
Okt 17, 2025 | 21:00 / Konfranslar, iclaslar
“Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə seksiya iclasları ilə davam edib  + Foto  
Okt 17, 2025 | 21:00 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil üzrə Dövlət Agentliyi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans 17 oktyabr 2025-ci il tarixində öz işini seksiya iclasları ilə davam etdirib.
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədovun və Özbəkistan Respublikası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisi Dr. Tokhir Xusanovun moderatorluğu ilə keçirilən iclaslarda yaşıl enerji və onun səmərəliliyi, biotexnoloji innovasiyalar, iqlim dəyişmələrinin bioloji sistemlərə təsiri, qida təhlükəsizliyi və ekoloji dayanıqlılıq mövzularında çıxışlar dinlənilib, aktual elmi istiqamətlər üzrə müzakirələr aparılıb. Simpoziumal məruzələrdə və institutun foyesində təşkil edilmiş poster sessiyasında bioenergetika, yaşıl texnologiyalar, aqrobiotexnologiya, mikrob müxtəlifliyi və ətraf mühitin qorunması və s. istiqamətlərində aparılan tədqiqatların nəticələri təqdim olunub. Təqdimatlarda həmçinin süni intellektin enerji, aqrar, biotibbi və ekoloji tədqiqatlarda tətbiqi, genetik ehtiyatların qorunması, iqlimə adaptasiya olunmuş bitki növlərinin seleksiyası, səmərəli biotexnologiyaların inkişafı kimi məsələlər, əldə edilmiş tədqiqat nəticələri təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Pakistan və digər ölkələrdən olan alimlər və gənc tədqiqatçılar fəal şəkildə iştirak ediblər.
Müzakirələrin yekununda qeyd olunub ki, elm və texnologiyanın inteqrasiyası, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, aparılan multidissiplinar tədqiqatlar gələcəkdə ölkələrin enerji, qida və iqlim təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqdır.
Seksiya iclasları və poster sessiyası elmi mübadilənin, yeni ideyaların və birgə tədqiqat təşəbbüslərinin formalaşması baxımından səmərəli müzakirə platforması kimi dəyərləndirilib.