sa sa 610
Beynəlxalq elmi dialoqdan strateji əməkdaşlığa: “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi” adlı beynəlxalq konfrans uğurla başa çatıb + Foto Okt 20, 2025 | 13:16 / Konfranslar, iclaslar

15-17 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilmiş “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini yüksək elmi və təşkilati səviyyədə başa çatdırıb. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunub və qlobal çağırışlara cavab verən elmi dialoqlar üçün mühüm platformaya çevrilib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, konfransın sədri akademik İradə Hüseynova tədbirin nəticələrini yüksək qiymətləndirərək bildirib ki, “bu konfrans yalnız elmi nəticələrin paylaşılması deyil, həm də yeni əməkdaşlıq körpülərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb etmişdir”.

Üç gün davam edən elmi forumda enerjidən səmərəli istifadə, ərzaq və qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə qarşı mübarizə kimi bəşəri problemlər müasir elmi yanaşmalar əsasında müzakirə olunub. Plenar iclaslarda günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsi, bərpa olunan enerji mənbələrinin potensialı, “yaşıl inqilab” və “genom inqilabı”, bio- və nanomateriallar, epigenetika, rəqəmsal texnologiyaların kənd təsərrüfatı və ekoloji tədqiqatlara inteqrasiyası kimi istiqamətlərdə təqdim edilən məruzələr müasir dövrümüzdə elmin multidissiplinar xarakter daşıdığını bir daha nümayiş etdirib.

Seksiya iclaslarında 49 elmi məruzə dinlənilib, mühüm elmi nəticələr əks etdirən çoxsaylı posterlər təqdim edilib. Bütün bunlar konfransın fənlərarası və çoxşaxəli elmi müzakirələrə geniş meydan açdığının göstəricisi hesab edilə bilər.

Tədbir çərçivəsində təşkil edilən “Cəlal Əliyev qiraətləri” xüsusi elmi və mənəvi məzmunu ilə seçilib. Koreyanın Soqanq Universitetindən professor Byeong-ha Leenin “Bitkilərdə abiotik stressə dözümlülüyün artırılması strategiyaları” mövzusunda məruzəsi böyük maraq doğurub və birgə tədqiqatlar üçün yeni perspektivlərə yol açıb. İki ildən bir keçirilən bu mühüm elmi tədbir görkəmli alim, akademik Cəlal Əliyevin zəngin elmi irsinin və baxışlarının müasir elmlə nə qədər üzvi şəkildə səsləşdiyini daha bir dəfə nümayiş etdirib.

Tədbirin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmasını xüsusi vurğulayan akademik İradə Hüseynova bu elm ocağının yubileyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yüksək səviyyədə keçirilməsinin ölkəmizdə elmin təşkili, idarə olunması və inkişafında, eləcə də milli intellektual potensialımızın formalaşmasında AMEA-nın əvəzsiz rolunu bir daha təsdiqlədiyini bildirib. Bu yubiley milli elmin institusional və mənəvi sabitliyinin, dövlət səviyyəsində elmi fəaliyyətə verilən dəstəyin göstəricisidir.

Konfransın gələcəyə yönəlmiş strateji baxışların formalaşdırılması üçün əhəmiyyətli platformaya çevrildiyinə diqqət çəkən natiq deyib: “Burada səslənən fikirlər göstərdi ki, iqlim dəyişmələri, enerji böhranı, bio və ərzaq təhlükəsizliyi kimi qlobal problemlərin həlli ancaq sinergetik və multidissiplinar yanaşmalarla mümkündür. Bu istiqamətdə mühəndislik və biotexnologiya, kimya və biokimya, ekoloji və aqrar elm, ətraf mühit və biotibb sahələrinin inteqrasiyası zəruridir. Konfransda iştirak edən gənc alimlərin fəallığı, onların beynəlxalq tədqiqat şəbəkələrinə qoşulmaq marağı xüsusilə sevindirici hal kimi qeyd oluna bilər. Bu, elmin davamlı inkişafı üçün ən mühüm zəmanətdir”.

Çıxışının sonunda konfransın sədri bütün iştirakçılara, təşkilatçılara, məruzəçilərə və gənc alimlərə səmimi təşəkkürlərini bildirib, konfransın nəticələrinin reallaşacağına, burada səslənən ideyaların yeni layihələrə çevriləcəyinə və beynəlxalq elmi əlaqələrin daha da dərinləşəcəyinə inamını ifadə edib.

Sonra bağlanış mərasimində ABŞ-nin Nebraska Universitetinin professoru Tahir Tahirov, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, Koreyanın Soqanq Universitetinin professoru, Bitki Gen Tənzimlənməsi Laboratoriyasının müdiri Byeong-ha Lee, Türkiyənin Dokuz Eylül Universitetinin professoru Levent Çavaş, Qətər Krallığının Translasiya Araşdırmaları İnstitutunun professoru Aamir Ahmad, Türkiyənin Ege Universitetinin professoru Aziz Eftekhari, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun direktoru professor Şahlo Miralimova və b. çıxış edərək, konfransın yüksək səviyyədə keçirildiyini, müvafiq istiqamətlərdə beynəlxalq multidissiplinar əməkdaşlıq əlaqələrinə yeni imkanlar yaratdığını vurğulayaraq, onun işində iştirakdan məmnunluqlarını ifadə ediblər, təşkilatçılara səmimi təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Akademik İradə Hüseynova və professor Şahlo Miralimova konfrans iştirakçıları qarşısında sənədə öz imzalarını atıblar.

Daha sonra akademik İradə Hüseynova konfransın xaricdən dəvət edilmiş məruzəçilərinə Bakını və konfransı xatırladacaq hədiyyələr təqdim edib.

Bağlanış mərasiminin iştirakçılarının kollektiv fotosu ilə beynəlxalq konfrans öz işini rəsmi şəkildə yekunlaşdırıb.

science.gov.az