Azərbaycan biologiya elminə ağır itki üz verib
Okt 21, 2025 | 14:38 / Mühüm hadisələr
20 oktyabr 2025-ci il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Şahniyar Mikayıl oğlu Bayramov vəfat edib. Onun itkisi təkcə ailəsi və yaxınları üçün deyil, bütün Azərbaycan elmi ictimaiyyəti üçün böyük itkidir. Şahniyar müəllim onu tanıyan hər kəsin yaddaşında ilk növbədə sakit təbiətli, dərin düşüncəli, elmə vurğun və son dərəcə təvazökar bir insan kimi qalacaq.
Şahniyar Mikayıl oğlu Bayramov 1 iyul 1961-ci ildə Tovuz rayonunun Qaralar kəndində dünyaya gəlmişdir. Uşaqlıqdan təbiətə marağı, müşahidə qabiliyyəti və sərbəst düşüncə tərzi onu gələcəkdə bioloq olmağa sövq etmişdir. O, ali təhsilini H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (biologiya ixtisası üzrə) almış, institutu bitirdikdən sonra bir müddət Sabirabad rayonunun Qaraağaclı kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Azərbaycan EA Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən Fiziki-Kimyəvi Biologiya Bölməsində əyani aspiranturada təhsil almış, 1991-ci ildə “Noxud yarpaqlarında karboanhidraza fermentinin molekulyar təşkilinin öyrənilməsi” mövzusunda biokimya ixtisası üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Alim 1989-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010-2021-ci illərdə Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, 2021-ci ildən həyatının sonuna qədər baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2016-cı ildə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradıldıqdan sonra Şahniyar müəllim öz elmi fəaliyyətini bu institutda davam etdirmişdir.
Bitkilərin dünyası onun üçün bir laboratoriya obyektindən çox, canlı bir sirr idi və o bütün həyatını bu sirri anlamağa həsr etmişdi. Onun elmi axtarışları bitkilərdə karboanhidraza fermentinin ilkin kristallışdırılması, onun ikinci strukturunun dairəvi dixroizm metodu ilə öyrənilməsi, mülayim qurşaqlarda yetişdirilən taxıllar üçün model bitki olan B. distachyon bitkisində Rubisko aktivaza və fosfoenolpiruvat karboksilaza fermentlərinin gen ekspressiyasının və zülal miqdarının dəyişməsinin, quraqlıq stresinin təsirindən asılı olaraq Kalvin tsikli fermentlərinin aktivliklərinin dəyişmə dinamikasının tədqiqinə həsr olunmuşdur.
2017-ci ildə “C₃ və CAM bitkilərdə karbonun ilkin assimilyasiyasının bəzi fermentlərinin abiotik amillərlə tənzimlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Şahniyar Bayramov 70-dən artıq elmi əsərin, o cümlədən beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 17 məqalənin müəllifidir. O, bir çox ölkələrdə — Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Xorvatiya və s. dövlətlərdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycan elmi məktəbinin ənənələrini, milli tədqiqatçılıq mədəniyyətini elmi ictimaiyyətə nümayiş etdirmişdir.
Şahniyar müəllim Avropanın bir sıra aparıcı tədqiqat mərkəzlərində - Fransanın Paris-Süd Universitetində (2003), Birləşmiş Krallığın Nyu-Kastl Universitetində (2004), Almaniyanın Osnabruk Universitetində (2005, 2006), Birləşmiş Krallığın Esseks Universitetində (2007), Almaniyanın Bilefeld Universitetində (2009), İspaniyanın Bitkilərin Biokimyası və Fotosintezi Universitetində (2011), Birləşmiş Krallığın Rosamsted Mərkəzində, Türkiyənin Malatya Universitetində (2013), Fransanın Bordo şəhərində yerləşən Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin Bitki Elmləri İnstitutunda (2014), ABŞ-ın Kanzas Dövlət Universitetində (2015), Niderland Krallığının Vageningen Universitetində (2018), İspaniya Milli Elmi Tədqiqat Şurasının Qranada şəhərində yerləşən Zaidin Elmi Tədqiqat Mərkəzində (2025) elmi-praktiki təcrübə kurslarında iştirak etmiş, eyni zamanda elmi tədqiqat işləri aparmışdır. Şahniyar müəllim eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AR Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən bir sıra kompleks elmi-tədqiqat proqramlarının iştirakçısı olmuşdur. Alim eyni zamanda Elm və Texnologiya üzrə Avropa Əməkdaşlıq Təşkilatının (COST) proqramı çərçivəsində Fransanın koordinatorluğu ilə həyata keçirilən beynəlxalq meqalayihələrdə dəfələrlə iştirak edərək ölkəmizi layiqincə təmsil etmişdir.
Şahniyar müəllim təvazökar alim olduğu kimi, həm də qayğıkeş müəllim idi. O, Bakı Dövlət Universitetində və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura pilləsində təhsil alan tələbələrə ixtisas kurslarından mühazirələr oxuyurdu. Onun rəhbərliyi altında bir çox magistr və doktorantlar tədqiqat işlərini tamamlamış, Azərbaycan biologiya elminin yeni nəsil alimləri kimi formalaşmışlar. Şahniyar müəllim həmkarlarının hörmətini qazandığı kimi, tələbələrinin də qəlbində dərin iz qoymuşdur.
Şahniyar Bayramov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının, həmçinin institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, Transactions of the Institute of Molecular Biology & Biotechnologies (TIMBB) jurnalının redaksiya heyətinin üzvü idi.
Biokimyaçı alim və müəllim Şahniyar Bayramovun itkisi Azərbaycan elmi ictimaiyyəti üçün dərin itki olsa da, onun elmə bağlılıq və təvazökarlıqla dolu həyatı hər bir tələbə və gənc alim üçün nümunə olaraq qalacaq. O, özündən geridə zəngin elmi əsərlər, onu sevgi ilə xatırlayan dostlar və tələbələr buraxdı.
Ruhu şad, xatirəsi əbədi olsun.