MBBİ-nin əməkdaşları Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olublar + Foto
Okt 24, 2025 | 11:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki Biotexnologiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Mahirə Məmmədova və laboratoriyanın elmi işçisi Aygün Sadiqova 07.10.2025–10.10.2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olublar. Ezamiyyət çərçivəsində onlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun əməkdaşları ilə görüşərək Rheum ribes bitkisinin sistematikası, ekoloji xüsusiyyətləri və yayılma arealı haqqında ətraflı məlumat əldə ediblər. Bu bitki Şimali və Orta Asiyanın subrayonlarında yayılan çoxillik yabanı tərəvəz növüdür və onun yabanı formalarına əsasən İran, Türkiyə və Azərbaycanın Naxçıvan bölgəsində 1800–2800 metr yüksəklikdə rast gəlinir. Bu növ Azərbaycanda coğrafi cəhətdən uyğunlaşan yeganə Rheum növü olsa da, onun üzərində sistemli tədqiqatlar indiyədək aparılmayıb. Ezamiyyət zamanı Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Qışlaq kəndi ərazisində, 2000 metr yüksəklikdə sahə müşahidələri həyata keçirilib, bitkinin təbii yayılma mühiti araşdırılıb və nümunələr götürülüb. Toplanan nümunələr üzərində morfoloji, fizioloji və biotexnoloji tədqiqatların növbəti mərhələsi laboratoriya şəraitində davam etdiriləcək.