Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" adlı məktəbin növbəti dərsi keçirilmişdir. + Foto
Noy 07, 2025 | 12:00 / Konfranslar, iclaslar
Yeni Azərbyacan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açılış nitqində bildirdiki Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə elmi tədqiqat institutlarının fəaliyyəti gücləndirilmiş, yeni elmi istiqamətlər xüsusilə biologiya, biotexnologiya və ekologiya sahələri sürətlə inkişaf etmişdir. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, “elmin inkişafı olmadan dövlətin gələcəyi mümkün deyil”. Məhz bu prinsip onun siyasətinin əsasını təşkil edirdi.
Bu institut Azərbaycan elminin müasir simasını formalaşdıran, qlobal miqyasda tanınan bir mərkəzə çevrilmişdir. Burada həyata keçirilən tədqiqatlar kənd təsərrüfatı, ekoloji təhlükəsizlik, tibbi biologiya və biotexnologiyanın inkişafına mühüm töhfələr verir.
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndərin elmi siyasətini uğurla davam etdirirlər. Elmin inkişafına dövlət dəstəyi, gənclərin elmi fəaliyyətə cəlb olunması, yeni laboratoriyaların yaradılması bu siyasətin bariz göstəricisidir.
Məruzəçi: AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev elmi sahənin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdi. Onun təşəbbüsü ilə biologiya və biotexnologiya elmlərinə xüsusi önəm verilmiş, fundamental elmi tədqiqatların tətbiqi istiqamətləri müəyyən olunmuşdur. Məhz onun dəstəyi ilə ölkəmizdə biologiya sahəsində yeni elmi məktəblər yaradılmış, müasir laboratoriyalar qurulmuş, gənc mütəxəssislərin xaricdə təhsil almasına şərait yaradılmışdır.
1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev müstəqil Azərbaycanın elmi potensialının bərpası və yeni şəraitə uyğun inkişafı üçün genişmiqyaslı islahatlara başladı. Onun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası dövlət səviyyəsində dəstəkləndi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul olundu.
Azərbaycanın elm fədaisi, dünya miqyaslı alim akademik Cəlal Əliyevində bu sahədə əvəzsiz rolu olmuşdur. Cəlal müəllim respublikamızda molekulyar biologiya, biofizika və biotexnologiya elmlərinin banilərindən biri olmuşdur. Onun rəhbərliyi ilə respublikada bu sahənin elmi bazası formalaşmış, yüksək ixtisaslı kadrlar hazırlanmışdır. Ulu Öndər Heydər Əliyev Cəlal Əliyevin elmi fəaliyyətinə hər zaman böyük dəyər vermiş, onun təşəbbüslərinin reallaşması üçün hərtərəfli dəstək göstərmişdir. Bu iki böyük şəxsiyyətin birgə səyləri nəticəsində Azərbaycanda müasir biotexnoloji tədqiqatların əsası qoyulmuş, bu sahə milli prioritetlərdən birinə çevrilmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ənənələr uğurla davam etdirilir, institutun maddi-texniki bazası gücləndirilir, beynəlxalq elmi əməkdaşlıqlar genişlənir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu bu gün regionun aparıcı elmi mərkəzlərindən birinə çevrilmişdir.