Noyabrın 18-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Genomun quruluşu və ekspressiyası, Populyasiya genomiksi, Bioadaptasiya, Bitki biotexnologiyası, Bioinformatika laboratoriyalarının, Molekulyar biomühəndislik, Molekulyar biotexnologiya, Proteomiks və Hesablama struktur biologiyası beynəlxalq laboratoriyalarının illik hesabatları dinlənilib. Məruzəçilər AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, b.e.d. Tofiq Allahverdiyev, b.ü.f.d. Zərifə Süleymanova, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, b.ü.f.d., dosent Samirə Rüstəmova, b.ü.f.d., dosent Mahirə Məmmədova, b.ü.f.d. Aytən Ağayeva, b.ü.f.d. Aynurə Paşayeva, böyük elmi içşi Əminə Abduləzimova və elmi işçi Kave Babai 2025-ci ildə laboratoriyalarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Məruzəçilər kadr hazırlığı, yerli və beynəlxalq konfranslarda iştirak, nəşr olunan məqalələr haqqında Şura üzvlərinə ətraflı məlumat veriblər. Daha sonra MBBİ-nin Həmkarlar Təşkilatının sədri, b.ü.f.d., dosent Səadət Xudaverdiyevanın və Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Minaxanım Əliyevanın illik hesabatları dinlənilib. Çıxışlar ətrafında müzakirələr aparıılıb və hesabatlar yekdilliklə qəbul edilib.