AR ETN Molekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsdə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi gənclər arasında sağlam ailə dəyərlərinin təbliği, erkən nikahların və qohumlar arasında nikahın yaratdığı tibbi, psixoloji və sosial fəsadlar barədə məlumatlandırmanın artırılması olub. Toplantıda institutun əməkdaşları — biologiya elmləri doktorları, professor Səftər Süleymanov və Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları, dosent Ələmdar Məmmədov və dosent Ulduza Qurbanova, həmçinin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aygün Sadiqova çıxış ediblər. Məruzələrdə erkən nikahların gənclərin sağlamlığına və sosial inkişafına təsiri, genetik risklərin artması, xüsusilə qohumlar arasında bağlanan nikahların potensial təhlükələri geniş şəkildə izah olunub. Çıxış edənlər ailənin cəmiyyətdəki rolu, sağlam və elmi əsaslara söykənən qərarların verilməsinin vacibliyi barədə gənclərə tövsiyələr veriblər. Tədbir müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb. Sonda erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri mövzusunda videoçarx nümayiş etdirilib.