Pakistanın Quaid-i-Azam Universitetinin Mikrobiologiya Şöbəsinin professoru Muhammad İştiaq Ali Molekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsi ziyarət edib. Səfər çərçivəsində qonaq institutun bir sıra laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, mütəxəssislərlə fikir mübadiləsi aparıb. Professor Muhammad İştiaq Alinin elmi fəaliyyəti tətbiqi və ekoloji mikrobiologiya, sintetik çirkləndiricilərin bioloji parçalanması, insan tərəfindən hazırlanmış materialların mikroorqanizmlər tərəfindən kolonizasiyası və biodeteriorasiyası və tullantıların biotəmizlənməsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, alim molekulyar mikrobiologiya sahəsində, o cümlədən kommersiya əhəmiyyətli mikroorqanizmlərin genomik tədqiqi, çirkləndirici maddələri parçalama qabiliyyətinə malik fermentlərin xarakterizə edilməsi, habelə ətraf mühitdə antimikrob müqavimətinin öyrənilməsi üzrə də araşdırmalar aparır. Görüş zamanı gələcək əməkdaşlıq imkanları, birgə layihələr və elmi mübadilə perspektivləri müzakirə olunub.