sa sa 4370
AMEA və Dokuz Eylül Universiteti tərəfindən 4-cü ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib + Foto Dek 24, 2025 | 13:22 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Dokuz Eylül Universiteti (DEU) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində riyaziyyat, statistika, fizika, kompüter elmləri, biologiya və kimya olmaqla altı fundamental elm sahəsini əhatə edən 4-cü ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib. 

Qeyd edək ki, bu formatda ilk seminar 2021-ci ildə, ikinci seminar 2022-ci ildə, üçüncü seminar isə 2024-cü ildə təşkil olunub. 

Beynəlxalq seminarın fəxri sədrləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və DEU-nun rektoru professor Bayram Yılmaz, sədrləri isə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı professor Aylin Alındır olublar. Seminarın elmi komitəsi hər iki təşkilatı və müvafiq elm sahələrini təmsil edən tanınmış alimlərdən formalaşıb.

“Zoom” platforması üzərindən keçirilən mötəbər elmi tədbirin DEU-nun professoru Levent Çavaşın moderatorluğu ilə keçirilmiş açılış mərasimində ilk olaraq professor Aylin Alın çıxış edib. Dekan əvvəlki illərdə baş tutan seminarların elmi nəticələrini və əməkdaşlığın müsbət dinamikasını xatırladaraq, cari seminarın da elmi müzakirələr və yeni birgə tədqiqat perspektivləri baxımından uğurlu olacağına əminliyini ifadə edib. Professor Aylin Alın elmi seminarın Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, prioritet elmi problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, DEU-nun rektoru professor Bayram Yılmazın tədbir iştirakçılarına xoş sözlərini çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, AR ETN “Molekulyar Biologiya” PHŞ-nin direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin səmimi salamlarını və xoş arzularını Dokuz Eylül Universitetinin rəhbərliyinə, beynəlxalq seminarın təşkilatçılarına və bütün iştirakçılarına çatdırıb.

Akademik İradə Hüseynova çıxışında vurğulamışdır ki, cari beynəlxalq seminar Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə və 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsinə həsr olunur. Bütün bunlar Azərbaycan - Türkiyə elmi əməkdaşlığının strateji tərəfdaşlıq və mənəvi dəyərlər müstəvisində formalaşan bir “elm ailəsi” anlayışını əks etdirdiyini göstərir. Vitse-prezident bu məqamların tədbirin həm elmi, həm də mənəvi və simvolik əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdığını xüsusi qeyd edib.

Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, builki seminar bir sıra yeniliklərlə yadda qalır. Belə ki, ilk dəfə olaraq beynəlxalq elmi seminarın açılış mərasimindən dərhal sonra proqramda iki plenar məruzənin təqdim edilməsi nəzərdə tutulub. Natiq bu yanaşmanın tədbirin elmi səviyyəsinin yüksəldilməsinə, fundamental elm sahələri üzrə aktual problemlərin və yeni tədqiqat istiqamətlərinin daha geniş auditoriyada müzakirəsinə mühüm töhfə verəcəyini bildirib.

Akademik İradə Hüseynova bildirib ki, hazırkı beynəlxalq seminarın əsas məqsədi müvafiq elm sahələri üzrə tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda gələcək elmi, elmi-texniki əməkdaşlığa təkan verməkdir.

Daha sonra Dokuz Eylül Universitetinin prorektoru professor Hamdi Şükür Kılıç çıxış edərək, tədbirin təşkilatçılarına universitet rəhbərliyinin səmimi təşəkkürlərini çatdırıb. Prorektor vurğulayıb ki, bu cür beynəlxalq elmi seminarlar yalnız elmi müzakirələrin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından deyil, həm də ölkələrimiz və alimlərimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. O, seminarın bu məqsədlərə xidmət edərək elmi dialoqun möhkəmlənməsində və gənc tədqiqatçıların inkişafında xüsusi rol oynayacağını qeyd edib.

Açılış mərasimindən sonra keçirilən plenar iclasda iki məruzə təqdim olunub. Fizika üzrə Dokuz Eylül Universitetinin prorektoru professor Hamdi Şükür Kılıç, biologiya üzrə isə AMEA-nın “Molekulyar Biologiya” PHŞ-nin laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev geniş təqdimatlarla çıxış ediblər. Hər iki plenar məruzə fundamental elm sahələrində aktual mövzuları əhatə edərək seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra seminar öz işini altı elm sahəsi - riyaziyyat, statistika, fizika, kompüter elmləri, biologiya və kimya üzrə paralel seksiyalarda davam etdirib. Seksiyalar çərçivəsində təqdim olunan məruzələr aktual elmi problemlərə həsr olunub, müasir tədqiqat nəticələri və perspektiv istiqamətlər ətrafında geniş və məhsuldar müzakirələr aparılıb.

Seksiyalarda çıxışlar və müzakirələr uğurla başa çatdıqdan sonra beynəlxalq seminarın bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, DEU-nun Fənn fakültəsinin dekanı professor Aylin Alın, professor Levent Çavaş və digərləri seminarın yüksək elmi səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin hər iki ölkənin alimləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Çıxışlar zamanı seminarın gedişindən və əldə olunan elmi nəticələrdən məmnunluq ifadə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ümumi razılığa əsasən, bu formatda keçiriləcək 5-ci beynəlxalq elmi seminarın gələn il artıq onlayn deyil, əyani şəkildə Bakı şəhərində təşkil edilməsi qərara alınıb.

Beləliklə, 4-cü Azərbaycan – Türkiyə ikitərəfli beynəlxalq onlayn elmi seminar öz işini uğurla başa çatdırıb.

science.gov.az