sa sa 2919
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Dek 30, 2025 | 10:00 / Mühüm hadisələr

31 dekabr tarixi dünya azərbaycanlılarının milli birlik və həmrəyliyini ifadə edən mühüm ictimai-siyasi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün dünyada yaşayan soydaşlarımızın Azərbaycan dövləti, milli maraqlar və ortaq dəyərlər ətrafında birləşməsinin rəmzinə çevrilmişdir. Bu tarix Azərbaycan xalqının zəngin mənəvi irsinin, dilinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, 31 dekabr Yeni ilin astanası olmaqla cəmiyyətimizdə yenilənmə, inkişaf və gələcəyə inam hisslərini gücləndirir. Müstəqil Azərbaycanın qazandığı uğurlar, ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq nüfuzunun artması dünya azərbaycanlılarının Vətənlə bağlılığını daha da möhkəmləndirmiş, onların milli həmrəylik ruhunu gücləndirmişdir.

Bu gün Azərbaycan Respublikasının həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti nəticəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi və diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsi dövlətçiliyimizin daha da güclənməsinə mühüm töhfə verir.

Bu münasibətlə bütün dünya azərbaycanlılarını, soydaşlarımızı və həmvətənlərimizi səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm can sağlığı, rifah, əmin-amanlıq, birlik və qarşıdan gələn Yeni ildə yeni uğurlar arzulayırıq.