Molekulyar Biologiya İnstitutu beynəlxalq elmi əməkdaşlığı genişləndirir + Foto
Yan 13, 2026 | 21:00 / Görüşlər
Yanvarın 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Genomika və Bioinformatika Mərkəzi arasında Zoom platforması üzərindən onlayn görüş keçirilib. Görüşdə AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova, AR KTN Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri və Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Tofiq Allahverdiyev, həmçinin Özbəkistan tərəfindən Transgenomiks və Hüceyrə Kulturası Laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Xurşida İbadullayeva çıxış ediblər. Çıxışlar zamanı tərəflər genomika, bioinformatika, molekulyar biologiya və transgenomika sahələrində aparılan elmi tədqiqatlar, mövcud elmi potensial və laboratoriya imkanları barədə məlumat veriblər. Görüş iştirakçıları iki ölkənin elmi müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması, beynəlxalq qrant müsabiqələrində ortaq iştirak məsələlərini müzakirə ediblər. Eyni zamanda, kənd təsərrüfatı bitkilərinin genetik təkmilləşdirilməsi, stress amillərinə davamlı sortların yaradılması, molekulyar markerlərdən istifadə və bioinformatik analizlərin tətbiqi kimi istiqamətlərdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Görüşün sonunda tərəflər elmi əməkdaşlığın davamlı və sistemli şəkildə qurulmasının vacibliyini vurğulayıb, yaxın gələcəkdə konkret fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.