sa sa 362
Akademik İradə Hüseynova Molekulyar Biologiya İnstitutunun gəncləri ilə görüşüb + Foto Yan 15, 2026 | 12:00 / Görüşlər

AR ETN “Molekulyar Biologiya İnstitutu” PHŞ-nin direktoru v.i.e. akademik İradə Hüseynovanın institutun gənc alim və tədqiqatçıları ilə görüşü keçirilib. Görüş zamanı akademik İradə Hüseynova gənclərin elmi maraqları, istəkləri və üzləşdikləri problemlərlə yaxından maraqlanıb, onların təkliflərini dinləyib. Akademik institutda gənclərə göstərilən diqqət və qayğının real nəticələrindən danışaraq uğurlu gənc alimləri nümunə kimi qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyev gənclərlə bağlı çıxışlarında dəfələrlə vurğulayıb ki, xaricdə təhsil alan gənclər qazandıqları bilik və təcrübəni Vətənə gətirərək ölkənin inkişafına mühüm töhfə verməlidirlər. Hazırda institutun bir sıra gənc tədqiqatçıları xaricdə magistratura və doktorantura təhsili alaraq elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Onlardan biri, İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün PhD təqaüd proqramının qalibi Gülnar Abdullayeva dünyanın aparıcı universitetlərindən olan Oksford Universitetində Onkologiya ixtisası üzrə tədqiqat apararaq dissertasiya işini uğurla müdafiə etmiş, hazırda həmin universitetin Onkologiya Şöbəsində PostDoc kimi elmi fəaliyyətini davam etdirir. Sonra gənc tədqiqatçılar - Aynurə Paşayeva, Edqar Şahbazov, Gülnar Abdullayeva, Elnarə Sadıqova çalışdıqları və təhsil aldıqları xarici universitetlərdə təhsillə bağlı tədbir iştirakçılarına məlumat verərək bildiriblər ki, xarici təhsil imkanı gənclərə həm peşəkar biliklərini artırmaq, həm də fərqli mədəniyyətləri yaxından tanımaq şansı yaradır, müasir tədris metodları ilə tanış olmağa, beynəlxalq əlaqələr qurmağa və qlobal düşüncə tərzi formalaşdırmağa kömək edir. Bu təcrübə onların gələcək karyerasında daha rəqabətqabiliyyətli olmasına mühüm töhfə verir. Doktorantlar - Sahib Babaliyev, Aqil Əhmədli, Mətanət Baxışova, Vəfa Həsənova və başqaları belə bir görüşün təşkil edilməsinə görə rəhbərliyə öz təşəkkürlərini bildirərək, dissertasiya işləri, onları narahat edən məsələlər barədə məlumat veriblər. Görüşdə elmi araşdırmaların aparılması, məqalələrin hazırlanması və çapı ilə bağlı müzakirələr aparılıb. Mövcud problemlər müzakirə olunaraq həll olunması istiqamətində fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.