Süleyman Allahverdiyev fotosintez sahəsində tədqiqatçılar üzrə dünyanın ən nüfuzlu alimlərinin 0,05%-ni əhatə edən qlobal reytinqdə 2-ci yeri tutmuşdur + Foto
Yan 29, 2026 | 19:53 / Mühüm hadisələr
ScholarGPS beynəlxalq analitik platformasının 2025-ci il üzrə məlumatlarına əsasən, Süleyman İfxan oğlu Allahverdiyev fotosintez sahəsində tədqiqatçılar üzrə dünya reytinqində 2-ci yeri tutmuşdur. Bu reytinq ScholarGPS platformasının Highly Ranked Scholars versiyasına əsasən dünyanın ən nüfuzlu alimlərinin 0,05%-ni əhatə edir.
Süleyman Allahverdiyev biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının Əməkdar elm xadimidir. O, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunda İdarə olunan fotobiosintez laboratoriyasının rəhbəri və baş elmi işçisi kimi fəaliyyət göstərir. Süleyman Allahverdiyev eyni zamanda, AR ETN Molekulyar Biologiya İnstitutunun baş elmi işçisidir. Alim çoxillik səmərəli fəaliyyəti və mühüm elmi xidmətlərinə görə K.A. Timiryazev adına mükafatla (2019), “Qlobal Enerji” beynəlxalq mükafatı ilə (2021), N. Veziroğlu adına Beynəlxalq Hidrogen Enerjisi mükafatı ilə (2024), həmçinin Əl-Fərabi adına Qazax Milli Universitetinin “Elmdə xidmətlərinə görə” qızıl medalı ilə təltif edilmişdir.
ScholarGPS reytinqi alimlərin elmi məhsuldarlığı, nəşrlərə istinadların sayı və tədqiqat fəaliyyətinin keyfiyyətinin kompleks analizi əsasında formalaşdırılır. Bu reytinqdə yüksək mövqe S.İ. Allahverdiyevin fotosintez sahəsində fundamental və tətbiqi tədqiqatların inkişafına verdiyi mühüm töhfəni göstərir və onun elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
2025-ci il üzrə ətraflı məlumatla buradan tanış ola billərsiniz.