Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə həsr olunmuş tədbir keçirilib + Foto
Fev 20, 2026 | 16:18 / Tədbirlər
Fevralın 20-də AR ETN Molekulyar Biologiya İnstitutunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 16 yanvar 2026-cı il tarixindən etibarən edilmiş dəyişikliklərə həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi əmək münasibətlərinin tənzimlənməsində yeni hüquqi mexanizmlərin izahı, anlayışların dəqiqləşdirilməsi, müasir iş formalarının, o cümlədən məsafədən iş modelinin hüquqi əsaslarının təqdim edilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeniliklərin kollektivə çatdırılması olmuşdur.
Tədbirdə İnsan Resursları və Hüquq Sektorunun kadrlar üzrə mütəxəssisi Mehriban Əhmədova çıxış edərək Məcəlləyə edilmiş dəyişikliklərin mahiyyəti, tətbiq mexanizmləri və əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı ilə bağlı yeniliklər barədə ətraflı məlumat vermişdir. O, həmçinin yeni normaların praktik tətbiqi zamanı nəzərə alınmalı məqamları diqqətə çatdırmışdır.
Daha sonra institutun direktoru v.i.e. Akademik İradə Hüseynova çıxış edərək əmək qanunvericiliyində aparılan islahatların əhəmiyyətini vurğulamış, bu dəyişikliklərin işçi və işəgötürən münasibətlərində şəffaflığın və hüquqi müəyyənliyin artırılmasına xidmət etdiyini qeyd etmişdir. Tədbir interaktiv müzakirə şəraitində davam etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.