sa sa 2349
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib + Foto May 10, 2019 | 18:53 / Tədbirlər

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər HEYDƏR ƏLIYEVIN xüsusi yeri vardır. Bu dahi şəxsiyyət Ümummilli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Mayın 10-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq hamını bu əlamətdar gün münasibəti ilə təbrik edib. O qeyd edib ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi böyük şəxsiyyət Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev ölkəmizdə elmin inkişafına xüsusi qayğı göstərmişdir. Bu gün AMEA-nın mövcudluğu Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz üçün çox çətin olan bir dövrdə Akademiyamıza milli statusun verilməsi, alimlərin əmək haqqının artırılması və iş şəraitinin yaxşılaşdırılması məhz Ümummilli liderin səyinin nəticəsidir. İ. Hüseynova Ümummilli liderimizin “Hər bir millətin taleyi onun təhsilindən keçir” sözlərini xatırladaraq qeyd edib ki, əgər bu gün elmə diqqət yetirməsək sabah bunun mənfi nəticələrini görəcəyik. Bu gün Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan dünya ölkələri arasında öz layiqli mövqeyini tutub. Ölkəmiz müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.

Daha sonra İ. Hüseynova Yeni Azərbaycan Partiyasının qızıl fondu hesab edilən 91-lərdən söz açıb və sözü onlardan biri, AMEA-nın müxbir üzvü İbrahim Əzizova verib. İ.Əzizov Azərbaycan xalqının keçdiyi çətin günləri xatırlayıb. O qeyd edib ki, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu 90-cı illərdə Azərbaycan parçalanma təhlükəsi altında idi. Belə bir dövrdə Azərbaycan ziyalıları Heydər Əliyevi Azərbaycana dəvət etdilər. İnamla demək olar ki, Azərbaycan dövləti məhz Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində hazırda mövcuddur.

İnstitutun əməkdaşı Raisa İsmayılova qeyd edib ki, o, Azərbaycana 1991-ci ildə köçmüş və Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən hansı nailiyyətlərin olduğunun canlı şahididir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda əminamanlıq bərpa olundu. Hazırda Azərbaycan dinindən və milliyyətindən asılı olamayaraq hər bir insanın vətənidir.

İnstitutun Gənc alimlər və mütəxəssislər şurasının sədri, b.ü.f.d. Ulduzə Qurbanova Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan prezident İlham Əliyevin gənclər siyasətindən söz açıb. O qeyd edib ki, İlham Əliyev hər bir sahəyə olduğu kimi, elmə də ciddi diqqət göstərir. Bizim də borcumuz prezidentin ətrafında birləşmək və ona dəstək olmaqdır.

Daha sonra institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, gənc alimlərindən Səmra Mirzəyeva və başqaları çıxış edərək öz ürək sözlərini bildiriblər.